Özünü yandıran Qazi həyatını itirdi
Sabirabad Rayon İcra Hakimiyyətinin önündə özünü yandıraraq intihar edən Qarabağ qazisi Elvin Cəfərov həyatını itirib.
Müsavat başqanının müavini Fərəc Kərimli bildirib ki, Qazi dövlət qayğısı olmadığına görə intihara əl atıb.
“Elvinin qanı “ölkədə hər şey zordu” deyib yaltaqlananlar da daxil olmaqla Əliyev rejiminin boynundadır. Adam faktiki dövlət qayğısı olmadığına görə özünü yandırdı. Həm də xalqın gözü qarşısında!” – deyə, Fərəc Kərimli özünün feysbuk səhifəsində yazıb.
***
Sabirabad Rayon İcra Hakimiyyətinin qarşısında ötən gün inihara cəhd edən İkinci Qarabağ müharibəsinin iştirakçısı Elvin Cəfərovun vəziyyəti ağırdır.
Bu barədə Turana TƏBİB-dən məlumat verilib.
Qurumdan qeyd olunub ki, hazırda Elvin Cəfərov Yanıq Mərkəzinin Reanimasiya şöbəsindədir, bədənin 70 faizi yanmışdır.
E.Cəfərovun qardaşı Elnur Cəfərov Turana bildirib ki, intihara səbəb icra hakimiyyətinin haqsızlıqları olub. “Elvin son variant kimi intihara əl atıb”.
Məsələ ilə bağlı Sabirabad Rayon İcra Hakimiyyətindən münasibət öyrənmək mümkün olmayıb.