Buryatlar Rusiya ordusundan imtina edir

Rusiya ordusunun milliyyətcə buryat olan 500 (beş yüz!) hərbçisi Ukraynada döyüşməkdən imtina edib evlərinə qayıdıb.

Bu asan başa gəlməyib. Kontraktı pozmaq istəyənlərə təzyiq edilib, həbs və qayıdandan sonra işsiz qalacaqlarıyla hədələyiblər. Tək hədələnməyiblər, buryat hərbçilərinin ana-bacıları, xanımları xəbər verir ki, vuruşmaqdan imtina edən yüzlərin içində onlarla buryatı işgəncə yeri kimi tanınan Luqansk təcridxanasına aparıblar, onlardan xəbər yoxdu.

Rusiyanın regionları içərisində bu müharibədə Buryatiya ən çox itki verən sayılır – 160-dan çox hərbçi. Rəsmi real rəqəmlər gizlədilir, hüquq müdafiəçiləri deyirlər ki, qayıdanlar 500 deyil, xeyli daha çoxdur! Müharibədə edilən qəddarlıq və vəhşilik məsələsində RF rəhbərliyi məkrlə kasıb regionlarda yaşayan milli azlıqları qabağa verərək özünü və rusları təmizə çıxarmağa çalışır.

Buryat dili Monqolustanda və ən əsas da ki Çində monqol dilinin dialekti, Rusiyada monqol dillərindən biri hesab olunur.

Bir müddət əvvəl rus hərbçilərinin də kütləvi şəkildə Ukraynada döyüşməkdən imtina edib evlərinə qayıtması barədə xəbər yayılmışdı.

Bütün bu faktlar RF ordusunda real vəziyyəti göstərərək, rəhbərliyin qələbə ruhlu raportlarını və Putinin eləcə çıxışlarını təkzib edir.

 

Yazı Çingiz Sultansoyun feysbuk səhifəsindən götürülüb.