“Azərbaycan Kremldən asılı olmayan siyasət yürütmək istəyir” – Müsavat başqanının Gürcüstan mediasına açıqlaması
Müsavat Partiyasının başqanı Arif Hacılı Azərbaycan və Ermənistan xarici işlər orqanları rəhbərlərinin Tbilisidə keçirilən görüşünü alqışlayır.
“Hələ 2020-ci ilin noyabrında biz Azərbaycan hakimiyyətinə təklif etmişdik ki, Ermənistan rəhbərliyi ilə üzbəüz, vasitəçilərsiz, xüsusən də Rusiya olmadan, məhz Tbilisidə danışıqlar aparsın. Birincisi, Tbilisi yaxınlıqdadır. İkincisi, Gürcüstan həm Azərbaycanla, həm də Ermənistanla normal münasibətləri olan qonşu dövlətdir. Üstəlik, bu, həqiqətən qonşu dövlətlərdə sülhün bərqərar olmasında maraqlı olan ölkədir. Moskva isə, əksinə, münaqişənin uzanmasında maraqlıdır. O, Qarabağ münaqişəsinin köməyi ilə həm Azərbaycanı, həm də Ermənistanı öz təsiri altında saxlayır”, – deyə, Hacılı Gürcüstanın “Aksenta” nəşrinə müsahibəsində bildirib.
O qeyd edib ki, 44 günlük müharibədən az sonra Gürcüstanın baş nazirinin vasitəçiliyi ilə bəzi erməni məhbuslar azad edilib və bu, münaqişənin həlli üçün yaxşı başlanğıc olub. Amma bu, uzun sürməyib və Kreml Qarabağ münaqişəsinin bütün məsələlərində öz monopoliyasını tez bir zamanda bərpa ebdi.
“Əminliklə deyə bilərəm ki, bu danışıqlar formatı Moskvanı qane etmir. Lakin Qafqazda önəmli geosiyasi hadisələr baş verir. Xüsusilə, Rusiyanın postsovet ölkələrinə təsiri azalır, Bakı isə Kremldən asılı olmayan siyasət yürütmək istəyir”, – Hacılı bildirib.
“Rusiyanın Ukraynaya təcavüzündən sonra geosiyasi vəziyyət əhəmiyyətli dərəcədə dəyişdi və bu, bizim regiona da təsir etdi”. İndi Rusiya daha əvvəlki kimi Cənubi Qafqazda baş verən hadisələrə təsir edə bilməz. Ukraynadakı müharibə onun təsir rıçaqlarını zəiflədib. Rusiya indi Çin və Türkiyə kimi ölkələrdən daha çox asılıdır və bu, onun postsovet məkanı ölkələrinə, ilk növbədə Azərbaycan və Qazaxıstana təsir imkanlarını azaldır. Bu ölkələrin liderlərinin daha cəsarətli davranışı da bundan irəli gəlir. Bu gün İ.Əliyev və U.F.Lyaen enerji sahəsində əməkdaşlıq haqqında saziş imzalayıblar. Sabah Azərbaycan Xarici İşlər Nazirliyinin rəhbəri NATO rəhbəri ilə qapalı görüş keçirəcək. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan Kremldən asılı olmayan siyasət yürütmək istəyir. Ermənistanda isə Rusiyadan uzaqlaşanların sayı getdikcə artır”, – deyə siyasətçi bildirib.
Onun fikrincə, Tbilisidə danışıqların perspektivi, eləcə də Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması Ukraynadakı hadisələrin inkişafından asılı olacaq.
Basta