Rövşən Nəcəf Dövlət Neft Şirkətinin prezidenti təyin edildi

İyulun 21-də sərəncam imzalayan İlham Əliyev Rövşən Nəcəfi Dövlət Neft Şirkətinin prezidenti təyin edib. Rövşən Nəcəf 2022-ci il fevralın 10-dan şirkətin birinci vitse-prezidenti, prezident vəzifəsinin icraçısı idi.

Novator.az bildirir ki, 1982-ci il təvəllüdlü Rövşən Nəcəf iqtisadçıdır. Azərbaycan Dövlət İqtisad Universitetində laborant, İqtisadi İnkişaf Nazirliyində məsləhətçi, baş məsləhətçi, sektor müdiri, Dövlət Neft Şirkətində iqtisadçı, şöbə rəisi vəzifələrini tutub.

İqtisadi İnkişaf Nazirliyində xarici iqtisadi əlaqələr şöbəsinin müdir müavini, müdiri, nazirin köməkçisi vəzifələrində də çalışan Rövşən Nəcəf həmçinin “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktorunun müavini, icraçı direktoru olub.

2018-2019-cu illərdə Prezident Administrasiyasının innovativ inkişaf və elektron hökumət məsələləri şöbəsinin müdiri postunda çalışıb. 2020-ci ildən iqtisadiyyat nazirinin müavini, 2021-ci ildən nazirin birinci müavini olub.

Dövlət Neft Şirkəti (SOCAR) Azərbaycanda və xaricdə neft və qaz yataqlarının axtarışını, kəşfiyyatını, hazırlanmasını, işlənməsini, neftin, qazın, kondensatın hasilatını, nəqlini, emalını, neft, neft-kimya və qaz məhsullarının paylanmasını, satışını həyata keçirir. Qurum 2020-ci ildə Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib. 2021-ci ildə SOCAR-ın fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün Müşahidə Şurası yaradılıb. Müşahidə Şurasına sədrlik iqtisadiyyat naziri Mikayıl Cabbarova həvalə olunub.