Milli mətbuatımızın günü
Mustafa Hacıbəyli
Elmar Hüseynovun qatilləri hələ cəzalandırılmayıb.
Yüzlərlə jurnalist həbsxanadan keçib, üçü bu gün də həbsdədir. Onlarla qəzet bağlanıb, onlarla sayt bloklanıb. Polis, prokurorluq və məhkəmələrdən tutmuş hakerlərədək azad sözün boğulmasına səfərbər edilib. Həqiqəti deyə bilənlərin nəfəsini kəsiblər, hər tərəfdən sıxışdırıb küncə qısqalayıblar.
Bunu on illər boyu davam etdiriblər. Nəticədə kimisi ölkədən, kimisi jurnalistikadan gedib. Kimisi də vicdana tüpürüb, qələmini götürüb, o tərəfə keçib.
İndi onların redaksiyalarında ikiqat senzura var. Üstəgəl jurnalistin daxili senzurası. Bu gün Milli Mətbuat Günü münasibətilə hakimiyyət media orqanlarını rəhbərlərinə növbəti ödənişini edəcək. Onlar da bu pulun bir hissəsini, hərəsinə 2-3 yüz manat olmaqla, işçilərinə paylayacaq. Müxbir gələn il də bu ənamı almaq ümidilə redaktor-senzorun tapşırıqlarına canbaşla əməl edəcək. Öz növbəsində, onun çalışdığı media orqanın rəhbəri də gələn il yenə siyahıda olmaq və bəlkə daha çox pul almaq ümidi və inamı ilə hakimiyyətdən gələn sifarişləri can-başla yerinə yetirəcək, özü konyukturanı tutmağa çalışacaq.
Deyirlər, iki yüzdən artıq sayt rəhbəri hər ayın bəlli bir günü, bəlli ünvana gedib aylıq ənam alır. Deyirlər Rövnəg Abdullayev vəzifədən çıxarılsa da, həmin mənbə dəyişməyib. Belə yerdə nə azad söz, nə milli mətbuat?
Milli mətbuat ölüb. Sadəcə barmaqla sayılası istisnalar var – bütün məhrumiyyətlərə rəğmən yolundan dönməyən, qələminə haram qatmayan, qoy o qədər uca səslə olmasa da, amma həqiqəti deyən jurnalistlər.
Onları Milli Mətbuat Günü münasibətilə təbrik edirəm.