Ermənilər Laçın rayonunun Zabux kəndini boşaltmağa başlayıblar
Ermənilər 1992-ci ilin mayında işğal etdikləri Laçın rayonunun Zabux kəndini 16 gün sonra tərk edəcəklər.
“Azadlıq Radiosu”nun Ermənistan xidmətinin reportajından göründüyü qədər, insanlar əşyalarını daşımağa başlayıblar. Onlar yerli hakimiyyətin yeni mənzil almaq üçün onlara təklif etdiyi 24,5 min dollar civarında təzminatın az olmasından gileylənirlər. Kənd sakinlərinin əksəriyyəti Qarabağda qalmamaq, Ermənistana getmək qərarına gəliblər.
Eyni zamanda, yerli hakimiyyət 40-a yaxın “mədəniyyət abidəsinin” təxliyəsi ilə məşğuldur. Bu, əsasən Qarabağ müharibələrinə aid abidələrdir.
Ermənilər 1998-ci ildə, Laçının işğalından 6 il sonra burada tikdikləri kilsənin aqibətindən narahatdırlar.
Xatırladaq ki, ermənilər Laçının özünü və iki kəndi – Zabux və Sus kəndlərini avqustun 25-nə qədər boşaltmalıdırlar. Laçın şəhərinin Azərbaycana qaytarılması haqqında razılaşma İkinci Qarabağ müharibəsinin yekunlarını əks etdirən 10 noyabr 2020-ci il tarixli üçtərəfli sazişdə nəzərdə tutulub.