Laçın dəhlizi Azərbaycanın nəzarətinə keçdi

Bu, Qarabağ erməniləri üçün nə deməkdir?

 

Rus sülhməramlıları bütün region üçün açar rolunu oynayan Laçın dəhlizi – 6 kilometrlik dağ yolu üzərində nəzarəti Azərbaycana təhvil verdi. Bu yol Dağlıq Qarabağ və Ermənistanı birləşdirir.

İki il “dəhlizdə”

İkinci Qarabağ müharibəsi 44 gün davam etdi və 10 noyabr 2020-ci ildə yekunlaşdı – həmin gün Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri Vladimir Putinin vasitəçiliyi ilə birgə bəyanat imzaladı. Faktiki olaraq, bu, Ermənistanın kapitulyasiyası idi.

1994-cü ildən Ermənistan silahlı qüvvələrinin nəzarətində olan Azərbaycanın Dağlıq Qarabağ ətrafındakı ərazilərinin geri qayıtması və atəşkəslə yanaşı, İlham Əliyev və Nikol Paşinyan tanınmamış “Dağlıq Qarabağ Respublikası” ilə Ermənistanı birləşdirən yeganə quru yolla – Laçın dəhlizi ilə bağlı nə edəcəkləri haqda razılaşdılar.

Müharibənin yekununda Qarabağ silsiləsinin cənub-qərb yamacında yerləşən və Sovet dönəmində on minlərlə insanın yaşadığı kiçik şəhərcik – Laçın, təxminən 30 il sonra Azərbaycana geri qayıtdı. Şəhərə və Ermənistandan Dağlıq Qarabağa gedən yola 5 illik mandatlı rus sülhməramlıları nəzarət edirdi.

İlk vaxtlar asan deyildi: Bu ərazi formal olaraq Azərbaycanın olsa da, “tranzit” zamanı Laçına yalnız Ermənistan pasportu olanlar razılaşdırılmamış girə bilirdilər, azərbaycanlı hərbçilər isə dəhliz boyunca hər keçidi ruslarla razılaşdırmalı olurdular. Hətta razılaşma olsa belə, Azərbaycan karvanını rus sülhməramlıları müşayiət edirdi.

Rusiya sülhməramlıları laçın dəhlizi qarabağ dağlıq qarabağ azərbaycan ermənistan

“Əvvəllər onlar qəzəblənirdilər. Amma biz onlara izah etdik ki, bu, sülh müqaviləsinin şərtləridir. Bu müqavilənin altında prezidentin imzası var. Odur ki, zəhmət olmasa… Adətən bu sözlərdən sonra bütün mübahisələr bitirdi”, – 2021-ci ilin martında Rusiya sülhməramlısı BBC-yə deyib.

Cəmi bir neçə kilometr uzunluğunda olan dağ yolunda münaqişələr tez-tez baş verirdi. Oradan keçən azərbaycanlılar avtomobillərinin şüşələrindən dövlət bayrağı asaraq buranın onların ərazisi olduğunu nümayiş etdirirdilər. Ermənilər isə Azərbaycan karvanını görəndə, özünəməxsus şəkildə cavab verirdilər – orta barmaq işarəsi göstərirdilər.

Zamanla daha sakitlik oldu: 2021-ci ilin payızında şəxsi avtomabillər üçün Laçın dəhlizindən keçid açıldı. Ancaq sülhməramlılar dəhliz boyunca hələ də ciddi rejimdə nəzarət edirlər.

O zaman, 2021-ci ildə Laçında cəmi 80 nəfər yaşayırdı. Onların bir çoxu Azərbaycanın nəzarətinə keçən qonşu kəndlərdə yerli əhaliyə yığışıb getməyə çox az vaxt verilməsindən dəhşətlə danışırdı.

Çoxunun getməyə yeri yox idi. Azsaylı Laçın sakinləri heç yerə getmək istəmirdilər. Ancaq indi ola bilsin ki, məcbur qalacaqlar.

Mübahisəli yol

Müharibənin bitməsindən yarım il sonranı müharibəsiz və sülhsüz vaxt kimi xarakterizə etmək olardı. Mütəmadi olaraq yerli qarşıdurmalar baş verirdi.

Eskalasiyada, əsasən hətta bu ilin martında münaqişə zonasında daha bir yaşayış məntəqəsi və yüksəkliyi nəzarətə götürən Azərbaycanı ittiham edirdilər.

Lakin iyulun sonunda Qarabağda vəziyyət xeyli pisləşdi. Əvvəlcə tanınmamış “Dağlıq Qarabağ hökuməti” Azərbaycanın təmas xəttini “keçməyə cəhd etdiyini” açıqladı.

Sonra Rusiya sülhməramlıları Azərbaycan tərəfindən “atəşkəs rejiminin üç dəfə pozulması” barədə məlumat verdilər. Daha sonra tərəflər bir-birini atəş açmaqda ittiham etməyə başladılar. Atışmalarda bir neçə hərbçi həlak oldu.

Bəzi müstəqil ekspertlər həmin vaxt bildirirdi ki, qarşıdurmanın yeni mərhələsi İlham Əliyevin Yerevanı mübahisəli məsələləri mümkün qədər tez həll etməyə sövq etmək istəməsi ilə bağlıdır.

Bunun üçün isə zaman uğurludur – Rusiyanın Ukraynada müharibə ilə məşğul olduğu və bütün dünyanın baş verənləri izlədiyi bir vaxtda, azərbaycanlılar sülhməramlılara fikir vermədən daha aqressiv hərəkət etmək qərarına gəldilər.

Əsas həll olunmamış məsələ məhz Azərbaycanın yaxın gələcəkdə nəzarət etmək istədiyi Laçın dəhlizi idi.

Laçın rayonu

Müharibənin başa çatması ilə bağlı razılaşmalara əsasən, Ermənistan və Azərbaycan Laçından yan keçən yeni marşrutun çəkilməsi planı barədə qərar verməli idilər. Rusiya sülhməramlıları yeni yola keçməli idilər. Bunun üçün 3 il vaxt verilmişdi və müddət hələ bitməyib.

Ancaq danışıqlar və razılaşmalar uzun çəkirdi.

Avqustun 3-də vəziyyətin kəskin gərginləşməsindən sonra Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Bakının Laçın dəhlizi ilə bağlı tələblərini “qanunsuz” adlandırdı: o, Ermənistanın hələ də yeni yolun tikintisi ilə bağlı hər hansı planla razılaşmadığını iddia edirdi.

Lakin bu, Azərbaycanı çəkindirmirdi: o vaxta qədər o marşrutun Laçın rayonunun Ermənistanla sərhəddindən başlayaraq Şuşa magistralı – Xankəndi yolu ilə birləşən hissəsini artıq tamamlamışdı. İndi Bakıda yolun tam istifadəyə hazır olduğunu bəyan ediblər.

Azərbaycanda hesab edirlər ki, Ermənistan bütün bu müddət ərzində planın təsdiqini və öz ərazisindəki tikintini qəsdlə gecikdirir. Yerevan təkid edirdi ki, üç il gözləmək lazımdır.

Ancaq iyulun sonu – avqustun əvvəlində vəziyyətin kəskinləşməsindən sonra proses sürətləndi. Tanınmamış “Dağlıq Qarabağ Respublikası” bəyan etdi ki, Azərbaycan avqustun 5-dək Laçın və Zabux (ermənilər Ağavno adlandırırlar) kəndinin boşaldılmasını tələb edib. Bir az sonra tarix avqustun 25-nə keçirildi.

Yolboyu insanlar

Ermənilər Azərbaycanın nəzarətinə keçmiş ərazilərdə yaşamaqda davam edirlər. Onların bir çoxu məskunlaşma ilə bağlı hakimiyyət orqanları ilə razılığa gələ bilmir.

Tanınmamış “respublika” onların müvəqqəti mənzillə təmin olunacağını vəd edir, lakin hamı bununla razılaşmır. Müvəqqəti mənzil statusu çoxlarına uyğun gəlmir, digərləri isə bütün vədlərin yalnız sözdə olmasından qəzəblənirlər.

“Kavkazski uzel” tamamilə qeyri-müəyyənlik içərisində olan yerli sakinlərlə söhbət edib. Onların çoxu hara gedəcəklərini, qala biləcəklərini və əgər belə olsa, başlarına nə gələcəyini bilmir.

Avqustun əvvəlində tanınmamış “Dağlıq Qarabağ Respublikasının” hakimiyyət orqanları Laçın, Sus və Zabux kəndlərinin erməni sakinlərinə avqustun 25-dək – məhz bu tarixdə ərazilər nəhayət, Azərbaycanın nəzarəti altında keçməlidir- öz evlərini tərk etməli olduqlarını elan etdilər. Kənd sakinləri üçün bu açıqlama çox gözlənilməz oldu – İkinci Qarabağ müharibəsi zamanı oradan qaçan insanların çoxu öz evlərində həyatlarını davam etdirə biləcəklərinə ümid edərək evlərinə qayıtmışdılar.

Hakimiyyət insanlara əşyalarını yığmağı əmr etdikdən sonra jurnalist Lilit Şahverdyan dərhal Qarabağa getdi. Avqustun 6-da, o, rus sülhməramlılarının mühafizəsi altında Laçın ərazisindən hələ də fəaliyyət göstərən dəhlizi keçdi – hərbçilər jurnalistə şəhərdə çəkiliş etməyə icazə vermədilər.

Zabux, Ağavo

Lakin, o, Zabux sakinləri ilə danışa bilib. Yerli sakinlər, jurnalistin sözlərinə görə, sonadək Azərbaycanın gəlişinin mümkün olduğuna tam inanmayıblar, amma əşyalarını yığışdırıblar. 2020-ci il müharibəsindən sonra kənddə məktəb yenidən təchiz olunub: divarlar təmir edilib, divarlar rənglənib, partalar yenilənib. Ermənistandan bura yeni müəllimlər dərs deməyə gəlmişdilər. İndi məktəb də tərk edilməlidir.

İnsanlar məişət texnikasını çıxarıb, lazımsız kağızları yandırıblar. Hətta internetdə bəzi sakinlərin azərbaycanlılara qalmaması üçün evlərini necə yandırdığını əks etdirən videolar da yayılıb. Düzdür, tanınmamış “respublikanın hakimiyyət orqanları” xəbərdarlıq edirdilər ki, bu halda insanlar təzminat almayacaqlar.

Lilit Şahverdyan BBC-yə deyib ki, Ağavnoda [Zabux-red.] tanınmamış “DQR” hakimiyyəti günahlandırılır, lakin onlar başa düşürlər ki, Azərbaycan yəqin ki, başqa seçim qoymayıb. Avqustun ikinci yarısında Zabuxun girişində rus zirehli transportyorları və nəzarət-buraxılış məntəqələri peyda oldu.

“DQR” onlara yardım kimi adambaşına 40 min dram (təxminən 99 dollar) və mənzil almaq və ya kirayələmək üçün 10 milyon dramlıq sertifikat (təxminən 24.600 dollar) təklif edib. Jurnalist deyir ki, xüsusən də Ermənistandan danışırıqsa, bu pul kirayə vermək üçün kifayət edərdi, amma ev almağa yox.

Üstəlik, belə arayışları alan keçmiş Laçın sakinləri problemlərlə üzləşiblər – Ermənistan bankları belə sənədlərə şübhə ilə yanaşır və çox vaxt onları qəbul etmir.

Azərbaycan Prezidenti İlham Əliyev isə bunda maraqlı deyil.

“Laçın şəhərindən, Zabux və Sus kəndlərindən qanunsuz məskunlaşmış insanlar çıxarılmalıdır. Bu, təbiidir. Onların orada qalması, əslində, hərbi cinayətdir, çünki o Cenevrə konversiyalarının qaydalarına ziddir. İşğalçı ölkə işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma apara bilməz”, – o deyib.

Laçın dəhlizinin təhvil verilməsi ərəfəsində yolun Azərbaycanın nəzarətinə keçəcəyi təqdirdə “DQR”-in Ermənistanla necə əlaqə saxlaması sualı yaranıb. Bölgəyə səfər edən Lilit Şahverdyan deyir ki, alternativ yol var.

Dəhlizin ötürülməsinə bir qədər qalmış “DQR” hakimiyyəti həmin marşrutdan istifadə etməyi təklif edir: insanlar Şuşanın yaxınlığından keçən və Rusiya sülhməramlılarının nəzarətində olan yoldan istifadə edə biləcəklər. Ancaq problem tam həll olunmayacaq: Ermənistan və “DQR” hələ də elektrik dirəklərini və rabitə xətlərini yeni müvəqqəti dəhlizə köçürməlidir.

Qarabağ sakinləri üçün isə əsas problem qaz kəməri olaraq qalır – o qismən Azərbaycanın nəzarətində olan ərazilərdən keçir və bu problem hələ də həllini tapmayıb.

BBC