İran: hakimiyyətin xəbərdarlığına rəğmən etirazlar davam edir

İranda hakimiyyətin etirazçılara qarşı yeni təhdidlərinə baxmayaraq, ölkə boyu nümayişlər davam edir. Kütləvi çıxışlar əxlaq polisinin hicab qaydalarını pozduğu iddiası ilə saxladığı 22 yaşlı Məhsa Əmininin ölümündən sonra başlayıb.

Etiraz aksiyaları 80-dən çox şəhər və daha kiçik yaşayış məntəqələrinə yayılıb. Tehran, Təbriz, Şiraz, Kərəc, Şəhriyar və Rəşt daxil olmaqla, bir çox şəhərlərdən etiraz görüntüləri yayılır.

BBC Farscanın Sənəndəc şəhərindən aldığı videolardan birində etirazçılara atəş açıldığını görmək olar.

Norveçin paytaxtı Osloda yerləşən İran İnsan Haqları təşkilatı hərbi formalı şəxsin Kalaşnikov tipli silahla nümayişçilərə atəş açması videosunu paylaşıb. Videonun Tehranda çəkildiyi bildirilir. AFP agentliyi oxşar videoların Piranşəhr və Urmiya şəhərlərində də çəkildiyini xəbər verir.

Bu görüntüləri müstəqil mənbələrdən təsdiqləmək mümkün olmayıb.

Rəsmi məlumatlara görə, etirazlar vaxtı 35 nəfər həlak olub. Lakin digər mənbələrə görə, ölənlərin sayı İran rəsmilərinin dediyi rəqəmdən xeyli çox ola bilər.

Şiraz mitinqində çəkilən bir videoda hicabsız gənc qadının maşında getdiyini və ətrafdakı insanların “Diktatora ölüm” şüarını səsləndirdiyini görmək olar. Daha bir videoda Tehranın Vəliəsr küçəsində toplşanlar “Qadınlar, həyat, azadlıq” şüarını səsləndirirlər.

Протесты в Тегеране

Etirazlar İran rejiminin sərt reaksiyasına səbəb olub. Müxtəlif mənbələr həbslərin olduğunu bildirir.

İnsan hüquqları üzrə Amnesty İnternational qrupunun məlumatına görə, bazar ertəsi İranda 11 jurnalist saxlanılıb. Saxlanılan etirazçıların sayı yüzlərlədir, təkcə Gilan bölgəsinin şimal-qərbində şənbə gününə olan məlumata görə, 60-ı qadın olmaqla, 739 nəfər saxlanılıb.

Bu arada davam edən etirazları şərh edən hökumət rəsmilərinin ifadələri sərtləşib. Prezident və daxili işlər naziri etirazçılara xəbərdarlıq ediblər.

İbrahim Rəisi deyib ki, “düşmənlər xaos yaratmaq istəyirlər”. “Əgər onlar – “düşmənlər” bu iğtişaşlarla bu sistemi çökdürə biləcəklərini düşünürlərsə, bu uşaqsayağı düşüncədir”, – daxili işlər naziri Əhməd Vahidi televiziya çıxışında deyib.

“Düşmən” rəsmilərin tez-tez işlətdiyi ifadədir. Bir çox hallarda hakimiyyət pislədiyi hadisələri “düşmən əməlləri” kimi damğalayır, BBC Farscanın məlumatında deyilir.

22 yaşlı Məhsa Əmini ötən həftə əxlaq polisi tərəfindən həbs edildikdən bir neçə saat sonra komaya düşüb və üç gün keçmiş Kəsri xəstəxanasında ölüb.

Rəsmi versiyaya görə, ölüm ürək tutmasına görə baş verib. Amma Əmininin yaxınları hesab edirlər ki, o, döyüləndən sonra aldığı xəsarətlər nəticəsində ölüb.

Prezident İbrahim Rəisi gənc qadının ölümünün araşdırılacağını desə də, daxili işlər naziri Əhməd Vahidi xanım Əmininin döyülməməsində israr edir.

BBC