İranda toqquşmalar: SEPAH zabitləri öldürüldü, dövlət binaları yandırıldı
İranda toqquşmalar zamanı iki SEPAH zabiti həlak olub. Onların Tehran və Məlayer şəhərlərində öldürüldüyü deyilir.
Məlumata görə, oktyabrın 26-da ümumölkə nümayişləri zamanı SEPAH-ın iki zabiti: mayor Əmir Kəməndinin Tehranda, SEPAH-ın təhlükəsizlik və kəşfiyyat bölməsinin kapitanı Əli Nəzərinin isə Həmədan əyalətinin Məlayer şəhərində ölüb.
Hər iki SEPAH zabitinin nümayişçilər tərəfindən qətlə yetirildiyi iddia edilir.
Həmədan əyaləti valisinin siyasi, ictimai və təhlükəsizlik məsələləri üzrə müavini Hüseyn Farsi Əli Nəzərinin qətlində şübhəli bilinən 8 nəfərin həbs edildiyini, zabitə atəş açan şəxsin isə qaçdığını və onun saxlanılması üçün axtarış aparıldığını deyib.
İranın Qərbi Azərbaycan bölgəsində də iğtişaş baş verib.
Modern.az yerli mətbuata istinadən xəbər verir, Mahabad şəhərində etirazçılarla polis əməkdaşları arasında toqquşma zamanı azı 3 nəfər ölüb.
Məlumata görə, şəhərdə keçirilən aksiyada nümayişçilər bank və dövlət binalarına hücum edərək yandırıblar.
Polis etirazçıları dağıtmaq üçün sərt müdaxilə edib. Nəticədə tərəflər arasında qarşıdurma yaşanıb. İnsident zamanı ölənlərlə yanaşı, yaralıların da olduğu bildirilir.
Aksiyaçılardan bəzilərinin saxlanıldığı deyilir.