BMT Ermənistanın ümidlərini doğrultmadı

Birləşmiş Millətlər Təşlkilatının Təhlükəsizlik Şurası Ermənistanın təşəbbüsü ilə Laçın dəhlizinin bağlanması məsələsini müzakirə edib.

Müzakirələr çərçivəsində Fransa, Rusiya, Böyük Britaniya, Braziliya, Keniya, Meksika, Hindistan və Birləşmiş Ərəb Əmirliklərinin nümayəndələri çıxış ediblər. Azərbaycana qarşı ən sərt mövqeni Fransanın nümayəndəsi sərgiləyib.

Ermənistanın gözləntilərinin əksinə olaraq, BMT Təhlükəsizlik Şurası məsələ ilə bağlı hər hansı sənəd qəbul etməyib.

BMT baş katibinin köməkçisi Miroslav Yença Bakı və İrəvanı 10 noyabr 2020-ci il tarixli atəşkəs sazişi üzrə üçtərəfli bəyanatın öhdəliklərini yerinə yetirməyə çağırıb.

“Tərəflər 10 noyabr 2020-ci il tarixli üçtərəfli atəşkəs bəyanatına və sonradan razılaşdırılmış bəyanatlara uyğun olaraq öz öhdəliklərini tam şəkildə yerinə yetirməlidirlər”, – deyə O, Bakı və İrəvanı “çox gec olmadan” davamlı sülh həllinə nail olmaq üçün diplomatik səylərini ikiqat artırmağa çağırıb.

Modern.az-ın məlumatına görə, Miroslav Yença deyib ki, BMT Ermənistan tərəfinin Qarabağın dağlıq hissəsindəki mineral ehtiyatlardan qanunsuz istifadə etdiyinə dair iddiaları yoxlaya və təsdiq edə bilməz.

BMT baş katibinin köməkçisi xatırladıb ki, Azərbaycan bundan əvvəl Laçın dəhlizində etirazların  “mineral sərvətlərdən qeyri-qanuni istifadəyə və bunun ətraf mühit üçün fəsadlarına” qarşı yönəldiyini bildirib.

“Nə Laçın dəhlizində, nə də Rusiya sülhməramlılarının məsuliyyət zonasında olmayan BMT bu iddiaları və ittihamları yoxlaya və təsdiq edə bilməz”, – Yença deyib.

O, həmçinin İrəvan və Bakını “çox gec olmadan” davamlı sülh həllinə nail olmaq üçün diplomatik səylərini ikiqat artırmağa çağırıb.

Baş katibin köməkçisi beynəlxalq ictimaiyyəti Bakı ilə İrəvan arasında nəticələrinin bütün Cənubi Qafqaza təsir edə biləcəyi münaqişənin yenidən başlanmasının qarşısını almağa çağırıb.

Xatırladaq ki, dekabrın 12-dən Laçın yolunda Qarabağın dağlıq hissəsindəki qızıl və mis yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiya keçirilir.