Bəxtiyar Hacıyevin həbs müddəti uzadıldı
Yanvarın 21-də Xətai Rayon Məhkəməsində ictimai fəal Bəxtiyar Hacıyevin həbs müddətinin uzadılması ilə bağlı müstəntiqin vəsadətinə baxılıb. Məhkəmə B. Hacıyevin fevralın 28-dək həbsdə qalması ilə bağlı vəsatəti təmin edib.
Bəxtiyar Hacıyevin səhhətində problem yarandığı deyilir
Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevin səhhətində ciddi problemlərin yarandığı bildirilir.
Vəkil Zibeydə Sadıqova AzadlıqRadiosuna bildirib ki, B.Hacıyev artıq çox halsızdır, başgicəllənməsinin olduğunu bildirir: “Həmçinin dünən, yanvarın 17-dən mədəsindən qan gəldiyini deyir. Bəxtiyar mənə dedi ki, hazırda saxlandığı Bakı İstintaq Təcridxanasındakı tibbi-sanitar hissəsinin həkimlərinə bu barədə bildirsə də, hələ də ondan analiz götürülməyib və özü müayinə olunmayıb”.
Vəkilin sözlərinə görə, B.Hacıyevi apellyasiya şikayəti ilə bağlı bu gün, yanvarın 18-də məhkəməsində görüb. Xətai Rayon Məhkəməsinin bundan əvvəl B.Hacıyevin ailə üzvləri, dostları ilə görüş və telefon danışıqları ilə bağlı vəsatətini qismən təmin edən qərarından apellyasiya şikayəti verilib. Amma təmin edilməyib. (Yalnız ailə üzvləri ilə görüş və telefon zənglərinə icazə verildiyi bildirilir)
Vəkilin bu açıqlamasına, hələlik, Penitensiar Xidmətdən münasibət öyrənmək mümkün olmayıb.
Bəxtiyar Hacıyevə qarşı ittiham ağırlaşdırılıb
Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevə qarşı irəli sürülən ittiham ağırlaşdırılıb.
Bu barədə vəkil Elçin Sadıqov məlumat verib.
Vəkil bildirib ki, əvvəl B.Hacıyevə qarşı Cinayət Məcəlləsinin 221.1 (xırda xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik etmə) maddələri ilə cinayət işi başlanmışdı. Onun deməsinə görə, yanvarın 13-də 221.1-ci maddə 221.2.2 (İctimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq) ilə əvəzlənib.
Vəkil bildirib ki, müdafiə tərəfi əvvəlki və yeni ittihamlarla razı deyil.
Hazırda irəli sürülən ittihamlarla B.Hacıyevə 3 ilə qədər həbs cəzası verilə bilər. Əvvəl isə bu yalnız 1 il ola bilərdi.
B.Hacıyev özü də ittihamları qəbul etmədiyini bildirib. O, yanvarın 9-da Bakı Apellyasiya Məhkəməsində yenidən aclıq aksiyasına başladığı haqqında məlumat verib. Bundan öncə Hacıyev dekabrın 15-də aclıq aksiyasına başladığını açıqlamış, dekabrın 28-də onu dayandırmışdı.
Xatırlatma
Ötən il dekabrın 9-da Bakının Xətai Rayon Məhkəməsi ictimai fəal B.Hacıyevi 1 ay 20 gün müddətinə həbs edib. O, xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunur. Həmin insident daha öncə böhtan iddiası ilə bağlı fəala qarşı açılmış cinayət işi üzrə məhkəmədə baş verib.
Bəxtiyar Hacıyevə hücumların səbəbi nədir?
BUNA DA BAX:
Bəxtiyar Hacıyevə hücumların səbəbi nədir?
Harvard Universitetinin məzunu olan Hacıyev 2011-ci ilin martında da həbs edilmişdi. Ona hərbi xidmətdən yayınma ittihamı ilə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilmişdi. Hacıyev 2012-ci ildə Ali Məhkəmənin qərarı ilə vaxtından əvvəl şərti azadlığa çıxıb.
O, son illər hökumətin və hüquq-mühafizə orqanlarının fəaliyyəti ilə bağlı sərt tənqidləri ilə seçilirdi.
AzadlıqRadiosu