Seçki bazarı
Subyektiv
Hakimiyyətin seçkilərə hazırlaşdığı bildirilir. Deyilənlər görə, yaxın aylarda referendum və parlament seçkiləri keçiriləcək. Dolaşan söhbətlərə görə bələdiyyə seçkiləri də gözlənilir.
Çox təssüf ki, ictimai-siyasi fəaliyyətlə məşğul olan bəzi insanlar hakimiyyətin islahat edəcəyinə və bu seçkilərin bundan öncəki seçkilərdən fərqli olacağına inanırlar. Səbəb, Qərbin hakimiyyətdən hər seçki öncəsi etdiyi “islahat tələbi”dir.
Dəyərli dostlar, bu “islahat tələblərini” və seçkidən sonra “demokratiyaya doğru bir addım” söhbətlərini eşitməkdən artıq doymuşuq. Şəxsən mən, bu hakimiyyətin seçki islahatlarına və ya ən azından demokratiyaya az da olsa oxşayacaq hansısa bir hərəkət göstərəcəyinə inanmıram. Bu, hakimiyyətin sonu olar. Diktatura rejimləri heç bir vaxt seçki ilə hakimiyyətdən getməyiblər.
Seçki prosesindən ancaq və ancaq xalqın təşkilatlanması və ümumxalq hərəkatının formalaşdırılması üçün istifadə etmək olar. Qaldı ki, hansısa təşkilata, hətta, iki-üç mandat verilməsinin xalqa heç bir xeyri və proseslərə heç bir təsiri olmayacaq.
Mən 2000-ci ildən bu günə qədər elə bir seçki olmayıb ki, o seçkidə üzv olduğum təşkilatın və ya, hansısa bir beynəlxalq təşkilatın xətti ilə müşahidəçi qismində və ya aktiv tərəf kimi iştirak etməyim. Bütün seçkilərdə fəal iştirak etmişəm.
Hakimiyyətin keçirdiyi seçkiləri kütləvi satınalma kimi dəyərləndirirəm.
Seçkilərində müşahidə etdiklərim bunlardır;
Bir dəstə adam, namizəd kimi bazara çıxır və seçkiyə az qalmış əsas namizədlərdən müəyyən qədər pul qopararaq onun xeyrinə namizədliyini geri götürür.
Bir dəstə qondarma namizəd sona qədər seçkidə iştirak edir və hakimiyyətin demokratik seçki keçirdiyi ilə bağlı sənədə namizəd kimi imza atıb haqqını alır.
Səmimi mübarizə aparan insanların sayəsində prosesləri biraz ciddi aparan və özünü diqqət mərkəzinə gətirən bəzi “bacarıqlı” namizədlər daha yuxarılarla danışığa gedir və yüksək məbləğdə pul və ya vəzifə qarşılığında satılır. Sonra, bu satılan adamlara bizləri söydürür və onlara yaradılan imkanlardan istifadə edərək ətrafımızı dağıdırlar.
Məncə, satqınlığa meylli adamlara “çörək ağacı” olmaqdan əl çəkməliyik. Daha bəsdir!
Mən seçkilərdə ona tapşırılan məntəqəni hətta, böyük məbləğə də yox, bir piti bir arağa satan kifayət qədər müşahidəçi görmüşəm.
Komissiya üzvü olub, saxta protokola imza atmayan adamları barmaqla saymaq olar.
Cəmiyyət bizlə bir cür danışır, seçki məntəqəsində qorxusundan başqa cür mövqe qoyur. Bunu da unutmayaq!
“Onbaşılar”, “yüzbaşılar” və seçki karuselində iştirak edən insanların hamısı bizim tanışlarımız və hər gün bizimlə oturub bu hakimiyyətin haqsızlıqlarından danışan adamlar olduğunu da nədənsə tez unuduruq.
Cəmiyyət sosial problemlər içində çabalayır. Xalq acdır. Ac insanlarla, onları satın almaq üçün “səxavət kisəsinin” ağzını açanların üzərinə “seçki bazarı”nda getmək olmaz.
Dövlət, siyasət, hüquq haqqında anlayışı və gələcək haqqında arzuları olmayan insanlarla siyasət bilən oğrular arasında danışıq imkanı yaratmaq bizə xeyir verməyəcək.
Bir düşünək; müşahidəçi göndəriyimiz və idarə və müəssisələrdə işləyən nə qədər adam müdirinin xahişini yerə salıb əqidə nümayiş etdirə biləcək? Nə qədər adam?
Yenə deyirəm; seçki prosesində mandat əldə etmək uğrunda yox, həqiqi qüvvələr birləşərək qısa müddət ərzində ümumxalq hərəkatının formalaşması uğrunda mübarizə aparmaq lazımdır.
Həqiqi liderlər və həiqiqi təşkilatlar xalqın hisslərini formalaşdırmağa və illərdir ki, diktatorların ən böyük silahına çevrilən hisslərin idarə olunmasına nail olmağı bacarmalıdırlar.
1988- 89 – cu illərdə meydana çıxan insanların böyük əksəriyyətinin müstəqillik haqqında anlayışı belə yox idi. Ağıllı insanlar və qüvvələr romantik hərəkatın formalaşmasına və ölkənin müstəqilliyini əldə etməyi bacardılar.
Bu gün “kopolunun sovet hökuməti” deyib, Sovet dövrünü tərifləyənlərin əksəriyyəti, Sovet imperiyasının yıxılmasında rolu olan insanlar – xalqdır. Sadəcə, çalışmaq, birləşmək və bacarmaq lazımdır.
Hakimiyyətin kecirdiyi və bundan sonra keçirəcəyi bütün seçkilər şou və seçki bazarıdır.
Elşən Əlisoy,
Sozcu.az