Xeyirlə Şərin Belarus qarşıdurması
Mustafa Hacıbəyli
.
Bu gün Lukaşenko Belarusda etirazları yatırtmaq üçün küçələrə hərbi texnika yeritmişdi. Etiraz aksiyası başlamamış paytaxtın bütün mərkəzi küçələri güc strukturları tərəfindən tutulmuşdu. Azı 125 nəfər aksiya başlamadan həbs olunub. Amma bütün bu tədbirərə rəğmən Belarus paytaxtının küçələrində görünməmiş izdiham yaşandı.
Ortada müxalifət yoxdur. Prezident seçkilərində Lukaşenkonun əsas rəqibi olmuş Tixanovskaya seçkidən dərhal sonra xaricə getdi. Düzdür, indi mühacirətdən bəzi çağırışlar etməyə başlayıb. Amma ölkəsindəki proseslərə onun çağırışlarının demək olar ki, təsiri yoxdur. Bizdə prezidentliyə namizəd seçkidən sonra mühacirətə getsə, “əşi, satılıblar” deyib, hamı evinə dağılaşacaqdı. Amma Belarusda xalq 3 həftədir ayaqdadır, nə prezidentliyə əsas namizədin mühacirətə getməsi, nə küçələrdəki hərbi texnika, nə də həbslər xalqı ruhdan saləb. Gərək öyrənək…
Rusiya prezidenti Vladimir Putin həmişə olduğu kimi, yenə də Şərin keşiyindədir. Dünyada harda hakimiyyətin dəyişmədiyi ölkə varsa – Belarus, Azərbaycan, Suriya, Türkiyə, Qazaxstan və s. – Kreml bu ölkələrdəki rejimlərin arxasındadır. Putin bundan əvvəl öz şəxsi maraqlarna görə Ukrayna xalqı ilə Rusiya xalqını düşmən elədi. İndi də hadisələr Rusiyanın Belarusla düşmən olmasına doğru gedir.
Lukaşenko seçki ərəfəsində bir tamaşa oynamışdı. Vaqnerçilərin tutulması və Lukaşenkonun Rusiya təhlükəsi haqqında bəyanatları əhalini batkanın ətrafında birləşməsinə səbəb olmalıydı… Bütün diktatorlar daxili problemləri həll etmək, yaxud diqqəti yayındırmaq üçün xaricdə “düşmən” axtarırlar. Zamanında Putin özü də daxili narazılığı səngitmək, diqqəti kənara yönəltmək üçün Krıma və Donbasa qoşun yeritmişdi. Azərbaycan və Türkiyə kimi, iki qardaş dövlət olan Ukrayna və Rusiya bu siyasətin nəticəsində düşmən münasibətlərinə gəldi. Rusiya ən yaxın müttəfiqini itirdi. Amma bu itki Putinin işinə yaradı.
İndi də Lukaşenko analoji bir cəhd etmişdi, alınmadı. Vaqnerçilərin tutulması və batkanın Moska əleyhinə bəyanatlarının bir oyun olduğunu bir çoxları anladı. Bu oyunu Putinin ən fəal tənqidçisi, hazırda zəhərlənərək Almaniyada müalicə olunan Aleksey Navalnı ifşa etdi…
Dünyada ölkələrin bir çox təsnifatları var, mən belə bir təsnifat təklif edirəm: hakimiyyətin dəyişdiyi və dəyişmədiyi ölkələr. Əgər hakimiyyət dəyişirsə, deməli, hakimiyyət xalqa məxsusdur, dəyişmirsə, onu əldə saxlayanlara. Azərbaycanda da hakimiyyət 27 ildir xalqa məxsus deyil. Hakimiyyətin xalqa məxsus olmadığı ölkələrin əsas müdafiəçisi isə Putin rejimidir. Bu gün Belarusda baş verənlər xalq ilə hakimiyyəti əbədi əlində saxlamaq istəyənlərin arasında qarşıdurmadır. Bu, Xeyir ilə Şər arasında qarşıdurmadır. Bu gün Minskdə təkcə Belarusun, Rusiyanın, Azərbaycanın yox, bütün dünyada demokratiyanın, azadlığın, ədalətin – Xeyirin taleyi həll olunur.
.
Basta