Basta saytı – 5 il sizinlə

Redaktordan

Bu gün Basta saytının 5 yaşı tamam oldu.

Medianın susdurulduğu, bir çox jurnalistlərin satın alındığı, bir çoxlarının ölkədən didərgin salındığı bir məmləkətdə qalıb müxalif mövqeli sayt işlətmək çox çətindir. Hakim ailənin korrupsiyaya qurşanması barədə beynəlxalq araşıdırmalardan tutmuş, həbsxanalarda işgəncə faktlarınadək ən təhlükəli yazıları dərc edirik. Ona görə də daim təzyiq altındayıq.

Bu 5 ildə bizi susdurmaq üçün vvəlcə polisə çağırıb hədələdilər. Sonra üstümüzə hakerləri yönləndirdilər. Sonra prokurorluğa çağırıb xəbərdarlıq etdilər. Sonra saytı blokladılar. Sonra cinayət işi qaldırıb saytın bütün kollektivini istintaqa çəkdilər, bəndənizə ittiham irəli sürüb 5 il yarım şərti cəza verdilər.

Saytın arxivini, sosial şəbəkələrdəki səhifələrini ələ keçirib məhv etdilər. Amma bu əngəllərə və fasilələrə rəğmən sayta girən oxucuların sayı 5 milyona yaxınlaşıb ( 4 848 677). Çünki biz qorxmadıq, dayanmadıq, susmadıq, yolunu tapıb davam etdik. Qrant almadan, ianə istəmədən davam edirik. Davam edəcəyik.

Basta