Sərsəng su ambarı qurumaq ərəfəsindədir

İşğal altında qalmaqda davam edən Ağdərə rayonundakı  Sərsəng su anbarı qurumaq ərəfəsindədir.

Ermənistan mediasının məlumatına görə, bu barədə separatçı rejimin “dövlət naziri” Qurqen Nərsisyan bəyanat verib.

O, iddia edib ki, Azərbaycan  yanvarın 9-dan başlayaraq, Ermənistandan Qarabağa elektrik enerjisinin verildiyi yeganə yüksək gərginlikli elektrik xəttini kəsib: “Belə şəraitdə biz cəmi 6 su elektrik stansiyasından ibarət olan daxili elektrik enerjisi istehsalı infrastrukturundan istifadə etməyə məcburuq. Onlardan biri olan Sərsəng SES ümumi gücün təxminən 70%-ni təşkil edir. Nəticədə təkcə bir sıra humanitar və məişət çətinlikləri deyil, həm də Sərsəng su anbarının ehtiyatlarının sürətlə tükənməsi ilə bağlı ciddi ekoloji problemlər yaranıb”.

Nersesyan etiraf edib ki, elektrik enerjisi istehsalını təmin etmək məqsədilə ötən ilin müvafiq dövrü ilə müqayisədə yanvarın 9-dan bu günə kimi Sərsəng su anbarından su axını 3 dəfəyə yaxın artırılıb. Beləliklə, Sərsəngin su ehtiyatları kritik həddə çatıb – 88 milyon kubmetrdən dən təxminən 70 milyona enib.

Bu vəziyyət ətraf mühitə böyük mənfi təsirə, o cümlədən bulaqların qurumasına, mikroiqlimin pisləşməsinə, bəzi bitki və heyvan növlərinin məhvinə səbəb olub.

Bəyanatda deyilir ki, əgər problem dərhal həll edilməsə və Ermənistandan elektrik təchizatı bərpa olunmasa, bu, qaçılmaz olaraq,  humanitar və ekoloji problemlərin kəskinləşməsinə səbəb olacaq.

Nersesyan beynəlxalq birliyi bu məsələdə Azərbaycana təzyiq etməyə çağırıb.

Bu bəyanata Sərsəng su anbarının yanvarın 1-də və aprelin 28-də dəniz səviyyəsindən 705,8 və 671,5 metr yüksəklikdən çəkildiyi bildirilən peyk şəkilləri də əlavə olunub.

Qeyd edək ki, Azərbaycan rəsmiləri kommunikasiya xətlərinin kəsilməsi haqda erməni tərəfinin iddialarını təkzib edir.

Basta