Ərəblərdən fərqliyik
İnsanın yaşadığı cəmiyyətdə özünü təsdiq etməsi üçün qanunlar işləməlidir. İstedad, intellekt, ağıl avtortitar ölkələrdə hakim zümrə üçün təhlükə mənbəyidir. Bu nöqteyi-nəzərdən yanaşanda Azərbaycanda istedadlı şəxslərin Allahın ümüdünə buraxılması başadüşüləndir.
Totalitarizm şübhə içərisində vurnuxan hakimiyyət dəllallarından ibarət olur. Hamıdan, xüsusilə yüksək təhsilli, istedadlı, yaradıcı və müstəqil təfəkkürlü adamlardan şübhələnmək hakimiyyəti itirmək qorxusundan qaynaqlanır. İstedadlı, savadlı və müstəqil təfəkkürlü adamlar həmişə təhlükəlidir. Onların dünyagörüşü, dünyaya baxışı sadə adamlardan çox fərqlidir. Qanunları, ölkədə və dünyada baş verən prosesləri analiz edə bilir. Onların xalqın lokomotivi olmağa potensiyalı hakim zümrə üçün təhlükəli vəziyyət yaradır. Cəmiyyətdə özünü təsdiq etməklə bu adamların iddiaları artıb, qarşısı alınmaz xarakter ala bilər. Bu isə totalitarizmin sonu deməkdir.
Avtoritar qurluşu yaradan səbəb biganəlik və kütləvi itaətdir. Kütləvi itaəti doğuran səbəb isə siyasi savadsızlıqdır. İctimai şüurun yüksək olduğu cəmiyyətdə total saxtakarlıq, kütləvi yalan, siyasi-iqtisadi imitasya, qanunların bir qurupun mənafeinə xidmət etməsi qeyri-mümkündür. Dövlətin necə idarə edilməsi kütlənin düşüncə və aktivliyinin göstəricisidir. Kütlə siyasiləşmiş və hər an hadisələrə müdaxilə edəcək vəziyyət ala bilən durumdadırsa, ölkədə normal idarəetmə qurulacaq. Yox əgər kütlə hadisələrin, ölkədə baş verən qanunsuz olayların ona dəxli yoxmuş kimi davranacaqsa, totalitarizm gün-gündən çiçəklənərək bütün insanların bəlasına çevriləcək.
Geri qalmış Afrika və Ərəb ölkələridə baş verən inqilablar öz məqsədinə çata bilmədi. Diktatorlar devrildi, lakin kütləvi hərəkat öz məqsədinə çatamadı. Səbəb isə çox sadədir. Kütləvi savadsızlıq və inkişaf etməmiş kütlə şüuru demokratik, normal dövlət qurmağa qadir deyil. Belə ölkələrin cəmiyyəti qanunlarla idarə edilmənin yaratdığı nizamı qəbul edə bilmir. Azadlıq və insan haqlarına sayğını başa düşməkdə çətinliklə qarşılaşır. Hüriyyəti hərcayılıq kimi anlayır.
Bu ölkələrin acı təcrübəsi bizim ölkə iqtidarına əks arqument vermiş oldu. İllərdir demokratya əlehinə anti-təbliğat aparılır ki, gördüzmü ərəblər heç nəyə nail olmadı. Bizdə də dəyişim olsa, ölkə dağılacaq. Xalq əzablar içinə düşəcək.
Biz ərəblərlə eyni dini və müəyyən mental dəyərləri daşıya bilərik. Lakin Azərbaycan cəmiyyəti pisxoloji və intellektual cəhətdən ərəb cəmiyyətindən çox fərqlidir. Azərbaycanda təhsilsiz adam demək olar ki, yoxdur. Qapalı cəmiyyətdə yaşamasına, iqtisadi çətinliklərə baxmayaraq hamı öz övladına yüksək təhsil verməkdə maraqlıdır. Normal şərait yaranan kimi biz demokratik və ədalətli cəmiyyət qurmağa qadirik. Ötən əsirdə 2 dəfə milli-demokratik dövlət qurmuş xalqıq. 3-cü dəfə milli dövlətimizi quraraq hər bir vətəndaş sıravi əsgər kimi keşiyini çəkməlidir. Bir daha məğlub olmağa mənəvi haqqımız yoxdur.