Rusiyaya növbəti dron hücumu – Moskva vilayətində dağıntılar var

Rusiya Müdafiə Nazirliyi avqustun 22-nə keçən gecə Moskva və Bryansk viayətlərinə pilotsuz uçuş aparatları (PUA) ilə  hücum edildiyini açıqlayıb.

Modern.az xəbər verir ki, məlumat nazirliyin teleqram kanalında yayılıb.

Bildirilir ki, PUA-lardan ikisi Moskva vilayətində hava hücumundan müdafiə vasitələri ilə məhv edilib, digər ikisi isə Bryansk vilayətində radioelektron mübarizə vasitələri ilə sıradan çıxarılıb.

Nazirlik hücum görə Ukraynanı ittiham edib. Hücumlar zamanı xəsarət alan olmayıb.

Moskva meri Sergey Sobyanin “Telegram”da bildirib ki, PUA-lardan biri Krasnoqorsk vilayətində, ikincisini isə Çatsov vilayətində məhv edilib. Hadisə yerinə xüsusi təyinatlılar göndərilib.

“Kommersant” nəşri yazıb ki, Moskva vilayətinin Krasnoqorsk şəhərində çoxmərtəbəli binanın şüşələri qırılıb. Evin yaxınlığında dayanmış bir neçə avtomobilə də ziyan dəyib.

Moskvanın Vnukovo, Şeremetyevo və Domodedovo hava limanlarında təyyarələrin qəbulu və yola salınması müvəqqəti dayandırılıb. Hücumdan sonra hava limanları yenidən fəaliyyətə başlayıb. 10-dan çox reys təxirə salınıb.