Ermənilər tərksilaha hazır olduqlarını bildiriblər
Azərbaycanın təklifilə 21 sentyabr 2023-cü ildə Yevlaxda Azərbaycan Respublikası Konstitusiyası və qanunları əsasında reinteqrasiya məsələlərinin müzakirəsi üçün Qarabağın erməni sakinlərinin nümayəndələrilə görüş keçiriləcək”. Bu barədə sentyabrın 20-də dövlət başçısının mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.
Öz növbəsində, Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, “Qarabağın erməni sakinlərindən Rusiya sülhməramlı kontingenti vasitəsilə daxil olan müraciətlər nəzərə alınmaqla lokal xarakterli antiterror tədbirlərinin 20 sentyabr 2023-cü il saat 13:00-da dayandırılması barədə razılıq əldə olunub”.
Antiterror əməliyyatı aşağıdakı şərtlərlə dayandırılıb:
- Azərbaycan Respublikasının Qarabağ rayonunda yerləşmiş Ermənistan silahlı qüvvələrinin birləşmələri və qanunsuz erməni silahlı birləşmələri silahlarını yerə qoyur, döyüş mövqelərini və hərbi postları tərk edir və tamamilə tərksilah olunur. Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan ərazisini tərk edir, qanunsuz erməni silahlı birləşmələri buraxılır.
2. Paralel olaraq bütün silahlar və ağır texnika təhvil verilir.
3.Yuxarıda göstərilən proseslərin həyata keçirilməsi Rusiya sülhməramlı kontingentilə koordinasiya şəklində təmin edilir, – Azərbaycan Müdafiə Nazirliyi bildirir.
Eyni zamanda, “Dağlıq Qarabağ rəhbərinin administrasiyası” aşağıdakı məlumatı yayıb:
- Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingenti komandanlığının vasitəçiliyilə 20 sentyabr 2023-cü il saat 13:00-dan hərbi əməliyyatların tamamilə dayandırılması barədə razılıq əldə edilib.
2. Ermənistan Respublikası Silahlı Qüvvələrinin qalan bölmələrinin və hərbi qulluqçularının Rusiya sülhməramlı kontingentinin yerləşmə zonasından çıxarılması və “Dağlıq Qarabağ müdafiə ordusu”nun silahlı birləşmələrinin buraxılması və tamamən tərksilah edilməsi, ağır texnika və silahların tezliklə utilizasiyası məqsədilə onların Dağlıq Qarabağ ərazisindən çıxarılması barədə razılıq əldə edilib.
3.Dağlıq Qarabağ ermənilərinin reinteqrasiyası, hüquqlarının və təhlükəsizliyinin təminatı, eləcə də Dağlıq Qarabağ əhalisinin həyat fəaliyyətinin Azərbaycan Konstitusiyası çərçivəsində təmin edilməsilə bağlı Azərbaycan tərəfinin qaldırdığı məsələlər əldə olunmuş razılığa əsasən, 21 sentyabr 2023-cü il tarixində Yevlax şəhərində keçiriləcək yerli erməni əhalinin nümayəndələri və Azərbaycan Respublikası mərkəzi hakimiyyət orqanları nümayəndələri arasında görüşdə və sonrakı görüşlərdə müzakirə olunacaq”.