Qarabağdan köçən uşağın üzündəki təbəssüm
Bu fotoda uşağın üzündəki təbəssüm diqqətimi çəkdi. Bu kasıb insanlar Qarabağda yaşadıqları evə bir də qayıtmayacaqlarını anlayırlar. Ona görə də, mümkün qədər daha çox əşya apara bilmək üçün avtobusla yox, üstü açıq yük maşını ilə getməyə üstünlük veriblər.
O balaca, məsum sarışın qız isə ailəsinin üzləşdiyi faciəni anlamır. O, həyatında bəlkə də ilk dəfə üstü açıq yük maşınına minib. Ona görə bu səyahət, onun üçün gözlənilməz xoş bir sürprizdir – macəradır.
Qarabağdan köçən ermənilər özləri ilə qutuda, bankada torpaq aparırlar. Onların sosial şəbəkədəki yazışmalarını oxuyur, səmimi olaraq hallarına acıyıram. İnsan hətta yaşadığı şəhərdə mənzilini sataraq bir küçədən başqa küçəyə köçəndə, müəyyən mənada psixoloji sarsıntı yaşayır. Təsəvvür edin, evini, işini, vərdiş elədiyi həyat tərzini birdən-birə itirənlər hansı hissləri yaşayırlar?!
Biz Qarabağdan köçən ermənilərin – sıravi insanların bu iztirablarını görürük. Maraqlıdır, erməni toplumunda bir milyondan artıq soydaşımızın 30 il əvvəl və bütün bu dövr ərzində nələr çəkdiyini anlayan varmı?
Ermənilər Qarabağdan 600 min soydaşımızı çıxarıblar. Üstəgəl, müxtəlif dövrlərdə yüz minlərlə soydaşımız Ermənistandan qovulub.
Ermənilər Qarabağdan avtobuslarla, maşınlarla gedirlər. Onların öz əşyalarını toplamaq, ata yurdlarından bir banka torpaq götürmək üçün vaxtı var. Bizimkilərin çoxu, bir dostumuzun yazdığı kimi, evlərindən ayaqyalın çıxıblar, on kilometrlərlə yolu piyada gediblər.
Xocalıdan çıxan 613 insan, o cümlədən qocalar, qadınlar, körpələr Ağdama çatanadək yolda erməni hərbçiləri tərəfindən kütləvi məhv ediliblər.
Füzuli işğal olunanda, onun arxasındakı 3 rayonda təxminən 150 min dinc əhali mühasirəyə düşüb, Ermənistan onların çıxması üçün dəhliz verməyib. Fizulidən, Zəngilandan, Cəbrayıldan, Qubadlıdan çıxanlar Araz çayının o biri sahilinə üzərək canını qurtarıblar. Bəziləri isə çayda boğularaq ölüblər.
Ötən gecə sosial şəbəkədə bir erməni millətçisinə bunları yazdım:
“Siz ermənilər əminsiz ki, Qarabağ sizin torpağınızdır. Biz isə əminik ki, bizim torpağımızdır. Biz Təbrizin, Dərbəndin, İrəvanın da bizim torpaqlarımız olduğuna da əminik. Amma bu torpaqlar üçün savaşa başlamırıq. Çünki əgər hər kəs öz tarixi torpağı üçün savaşa başlasa, dünyada xaos olar.
Siz Qarabağ kimi, Türkiyənin Qars və İqdır vilayətlərinin, Gürcüstanda Cavaxetiyanın da guya erməni torpağı olduğuna inanırsız. Necə ki, Cavaxetiya uğrunda Gürcüsana qarşı savaşa başlamadınız, Qarabağa görə Azərbaycana qarşı da savaşa başlamaya bilərdiniz. O halda Qafqaz çox firavan olardı. Amma siz müharibəyə başladınız və sonunda uduzdunuz. Ona görə bütün bu qırğınların və iztirabların baiskarı sizsiniz”.
“Sizsiniz” deyərkən, mən əlbətdə o yük maşının üstündəki gülümsəyən sarışın qızcığazı, yaxud onun cox guman ki halal zəhmətlə yaşayan kasıb ailəsini nəzərdə tutmuram. Ona hər zaman təbəssüm arzulayıram. Yolunuz açıq olsun!
Mustafa Hacıbəyli