İsrailin Həmas-la müharibəsi: iki tərəfdən 2700 nəfər həlak olub

Ötən şənbə Həmas-ın İsrailə qəfil hücumu ilə yenidən alovlanan İsrail-Həmas döyüşləri davam edir.

Döyüşlər nəticəsində İsraildə 1300, Qəzzada isə 1400-dən çox insan həyatını itirib, minlərlə yaralı var, cümə günü hər iki tərəfin rəsmiləri bildirib.

Həmas-ın hücumunun ilk günündə Qəzza yaxınlığındakı ərazidə keçirilən festivalda iştirak edənlər arasında öldürülənlər və ya girov götürülənlər olub. İsrailin Qəzzaya yaxın yaşayış məntəqələrində də qətliam baş verib, İsrail rəsmiləri bidiriblər.

BMT-nin cümə gününə olan məlumatına görə, İsrail 1,1 milyon insanın Qəzzanı tərk etməsini istəyib.

BBC News bildirir ki, İsrail rəsmiləri Qəzzadakı sakinlərə ünvanlanan bəyanatda “Siz Qəzza şəhərinə ancaq buna icazə verən başqa bir bəyanat verildikdə qayıda biləcəksiniz” deyib.

İsrail ordusu bildirib ki, Həmas üzvləri şəhərin altındakı tunellərdə və mülki əhalinin yaşadığı binaların içərisində gizləniblər.

Onlar mülki əhalini “özlərinin və ailələrinin təhlükəsizliyi üçün” şəhəri boşaltmağa və onlardan canlı qalxan kimi istifadə edən Həmas terrorçularından uzaq durmağa” çağırıb.

“Növbəti günlərdə İsrail ordusu Qəzza şəhərində aktiv fəaliyyətini davam etdirəcək və mülki şəxslərə zərər verməmək üçün geniş səylər göstərəcək”, hərbçilər əlavə edib.

BMT bu evakuasiyanın “fəlakətli vəziyyətə” gətirib çıxara biləcəyini və “dağıdıcı humanitar nəticələrə” səbəb ola biləcəyini bildirib və qətiyyətlə əmrin ləğv edilməsini tələb edib.

Gaza

Cümə axşamı ABŞ dövlət katibi Antony Blinken həmrəylik nümayişi olaraq, İsrailə gəlib.

Fələstin rəsmiləri Blinken-in Fələstin Prezidenti Mahmud Abbasla da görüşəcəyini bildirib.

Fələstin siyasi rəhbərliyi ilə Mahmud Abbasın İordan çayının qərb sahilindəki Fəth partiyası və Qəzza zolağına nəzarət edən Həmas müxalifləri arasında dərin fikir ayrılığı var.

İsrailin məlumatına görə, Həmas azı 150 nəfəri girov saxlayır.

BMT Qəzzada didərgin düşənlərin sayının 400 minə yaxın olduğunu açıqlayıb.

Minlərlə yaralının həyatı üçün mübarizə aparıldığı Qəzza xəstəxanalarında enerji tükəndiyi üçün humanitar böhran böyüyür.

Qəzzadakı hədəfləri vurmağa davam etdiyi üçün İran Prezidenti İsraili “soyqırım” törətməkdə ittiham edib.

İbrahim Rəisi onu da deyib ki, İsrailin su, elektrik və yanacağı kəsməklə Qəzzanı blokadaya alması bütün beynəlxalq müqavilələri pozur.

İranın Qəzzada Həmas-ı maliyyələşdirdiyi və təchiz etdiyi məlumdur. Lakin çərşənbə axşamı ölkənin ali dini lideri Ayətullah Əli Xameneyi bildirib ki, həftəsonu İsrailə qarşı edilən ölümcül hücumların arxasında İran yoxdur.

Bununla belə, o, hücumu planlaşdıranların “əlindən öpdüyünü” deyib.

Harari

Məşhur İsrail yazıçısı və tarixçisi Harari: İsrail Netanyahu-nun illərdir ölkəni qütbləşdirən siyasətinin əvəzini ödəyir

İsrailli tarixçi Yuval Noah Harari BBC-yə Həmas hücumunun mümkün nəticələri barədə danışıb.

Harari qeyd edib ki, hücum nəticəsində yaranan zorakılıq səviyyəsi və İsrailin sonrakı qisası nəsillərə təsir edəcək nəticələr verə bilər.

Harari, hücumun kəşfiyyat uğursuzluğu ilə Netanyahu-nun siyasəti arasında əlaqə olduğunu düşünür.

“Aydındır ki, İsrail xalqı illərlə apardığı pis siyasətin bədəlini ödəyir. Netanyahu Fələstinlə hər hansı sülh təşəbbüsünə məhəl qoymadan milləti qütbləşdirərək siyasi karyera qururdu. O, sistematik olaraq dövlət qurumlarına hücum edirdi. Biz indi bunu dərk edirik. Biz bunun bədəlini ödəyirik. Bu, dünyanın bütün demokratik ölkələri üçün bir dərsdir. Buradan alınan ibrət ondan ibarətdir ki, güclü populist liderlərə öz siyasi karyeraları naminə millətləri parçalamağa icazə verilə bilməz”, – məşhur yazıçı deyib.

Harari uzun illər ən çox satılan kitablar arasında yer alan “Heyvanlardan Tanrılara, Sapiens: İnsan növlərinin qısa tarixi” kitabının müəllifidir.

İsrail-Həmas

“Demək olar ki, Qəzzadan çıxmağa yol qalmayıb”

Ros Atkins

BBC-nin redaktoru

Çərşənbə axşamı İsrail ordusu Qəzzadakı insanlara “Rəfah keçidinin [Misir tərəfindən idarə olunur] hələ də açıq olduğunu” bildirib:

“Kim çıxa bilirsə, onlara çıxmağı məsləhət görürük”.

Lakin hazırda Qəzzanı tərk etmək mümkün deyil.

Hazırda İsraillə Qəzza arasındakı sərhəd bağlanıb.

İsrail donanması sahil xəttinə nəzarət edir, ona görə də Qəzzadan qayıqla çıxmaq da bir seçim deyil.

Bundan başqa, Misirə Rəfah keçidi var. Bu, yeganə yoldur. Ancaq bu, yalnız icazə ilə mümkündür və bu yol üçün uzun bir gözləmə siyahısı var.

Qəzzanı bu həftə tərk etmək daha çətindir.

Keçid çərşənbə axşamı İsrailin hava hücumlarına məruz qalıb. İlkin məsləhətdən sonra İsrail ordusu keçidin Misir tərəfindən bağlandığını etiraf edib.

O vaxtdan bəri Rəfah keçidi ya bağlanıb, ya da çox ciddi şəkildə məhdudlaşdırılıb.

Hazırda Qəzzanı tərk etmək üçün fələstinlilərin demək olar ki, heç bir yolu yoxdur.

İsrail girovların azad olunmasını tələb edir

İsrailin energetika naziri İsrael Katz bildirib ki, israilli girovlar azad edilməyincə Qəzzanın mühasirəsi davam edəcək.

İsrail Qəzzanın elektrikini, suyunu kəsib, bölgəyə yanacaq, ərzaq və digər yüklər buraxmır.

BMT Qəzzaya yardım çatdırılması və sakinlərin təhlükəsiz hərəkəti üçün yol açılması ilə bağlı İsraillə danışıqlar aparır.

İsrailin energetika naziri İsrail Katz sosial şəbəkədəki paylaşımında “oğurlananlar” azad olana qədər bölgəyə “elektrikin, suyun verilməyəcəyini, heç bir yanacaq maşınının içəri girməyəcəyini” deyib.

Şənbə günü Həmas-ın ölümcül hücumlarından sonra İsrail Qəzza zolağına yardımlar da daxil bütün yüklərin çatdırılmasını dayandırıb.

İsrailin baş naziri Benyamin Netanyahu ölkəsinin fövqəladə hökumətinin ilk iclasından sonra HƏMAS-ın hər bir üzvünün “ölü adam” olduğunu deyib.

BBC News-un xəbərinə görə, İsrail Qəzza zolağında müharibəyə hazırlaşır.ç

Anklavın yeganə elektrik stansiyası yanacaq çatışmazlığı səbəbindən çərşənbə günü fəaliyyətini dayandırıb. İsrail bir neçə gün əvvəl Qəzzaya bütün yanacaq, su və qida tədarükünü kəsib.

Çərşənbə günü İsrail Həmas-a qarşı müharibəyə rəhbərlik etmək üçün müxalifdən olan Benny Gantz-ın da daxil olduğu “müharibə kabinetini” yaradıb. İsrail müdafiə naziri Yoav Gallant “Həmas adlı bu şeyi yer üzündən siləcəyinə” söz verib.

İsrail potensial quru işğalı üçün Qəzza sərhədi yaxınlığında 300.000 ehtiyat əsgər toplayıb.

ABŞ İsrail, BMT və Misirlə Qəzzaya yardıma icazə verilməsi və bəzi sakinlərin ərazidən təhlükəsiz çıxışının təmin edilməsi ilə bağlı danışıqlar aparır.

BBC