Müsavat Ülvi Həsənli və Sevinc Vaqifqızının dərhal azadlığa buraxılmasını tələb edir – Bəyanat
Noyabrın 20-də “Abzas Media”nın direktoru Ülvi Həsənli Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Ülvi Həsənli, saxlanılarkən zorakılığa məruz qaldığını bildirib, vəkili onun üzündə xəsarət izinin olduğunu təsdiqləyib. Bundan sonra Abzas Medianın ofisində və Ü.Həsənlinin mənzilində axtarış aparılıb, 40 min avro vəsaitin aşkarlandığı barədə məlumat yayılıb.
Ülvi Həsənliyə qarşı Cinayət Məcəlləsinin 206.3.2 (bir qrup şəxslə qabaqcadan əlbir olmaqla, ölkəyə qaçaqmalçılıq yolu ilə külli miqdarda valyuta gətirilməsi) maddəsi ilə ittiham irəli sürülüb.
Noyabrın 21-nə keçən gecə “Abzas Media”nın baş redaktoru Sevinc Vaqifqızı xaricdən qayıdarkən saxlanılaraq Bakı Şəhər Baş Polis İdarəsinə aparılıb, onun evində axtarış həyata keçirilib. Bütün bunlar hadisənin “Abzas Media”nın fəaliyyəti ilə bağlı olduğuna və siyasi motiv daşıdığına şübhə yeri qoymur.
Müsavat Partiyası Ülvi Həsənlinin və Sevinc Vaqifqızının qanunsuz olaraq saxlanmasını Azərbaycanda ifadə azadlığına qarşı basqıların davamı kimi qiymətləndirir, hər iki şəxsin azadlığa buraxılmasını, saxlanma zamanı zorakılıq etmiş şəxslərin məsuliyyətə cəlb edilməsini, ölkədəki repressiyalara son qoyulmasını tələb edir.
#azadmediasusdurulabilmez