Həmas 24 girovu, İsrail 39 məhbus fələstinlini azad edib
İsrail və Həmas arasında bağlanan müvəqqəti atəşkəs sazişi əsasında Qəzzada 24 girov azadlığa buraxılıb. Onlardan 13-ü israilli, 10-u tailandlı və 1-i filippinlidir. İsrail rəsmiləri 24 girovun hamısının ölkəyə çatdığını bildiriblər.
Sazişə əsasən, İsrail həbsxanalarında saxlanılan 39 fələstinli Qərb sahilində sərbəst buraxılıb.
Oktyabrın 7-də Həmas İsrailə hücum edərək yüzlərlə adamı öldürüb, 200-dən çox girov götürüb, İsrail rəsmiləri açıqlayıb. Bundan sonra İsrail Qəzzaya hücum edib. Bu hücum nəticəsində minlərlə fələstinli ölüb, Qəzzanın səhiyyə nazirliyi bildirib.
Azad edilən israillilər arasında iki, dörd, altı və doqquz yaşlı dörd uşaq və 85 yaşlı qadın da var.
İsrailin sərbəst buraxdığı fələstinlilərdən 24-ü qadın, 15-i yeniyetmə oğlandır.
İsrail və Həmas 4 günlük müvəqqəti atəşkəsə razılaşıblar. Bu müddət ərzində Həmas 50 girovu, İsrail isə həbsxanada saxladığı 150 fələstinlini azad etməlidir.
Müvəqqəti atəşkəs cümə günündən başlayıb.
Fələstinli məhbus: Azad edilməyim “sürpriz oldu”
İsrailin azad etdiyi fələstinli məhbuslardan biri Marah Bakeer adlı qadındır.
2015-ci ildə hələ 16 yaşında ikən həbs olunan Bakeer sərhəd polisinə bıçaqla hücum etdiyi üçün 8,5 il həbs cəzası almışdı.
“Bu razılaşma [Həmas və İsrail arasında müvəqqəti atəşkəs sazişi] bizi də çox bədbəxt və narahat edən çoxlu insan ölümündən sonra bağlandı”, – azad edildikdən sonra Qüdsdə yaşayan anasının evinə gələn Bakeer onu gözləyən jurnalistlərə verdiyi açıqlamasında deyib.
O, həbsxanada olduğu üçün “çöldə və Qəzzada baş verənlərlə bağlı heç bir fikri olmadığını” deyərək razılaşma xəbərinin onun üçün “sürpriz” olduğunu əlavə edib.
BBC