Saxlanılan azərbaycanlı bloger Sankt-Peterburqa aparıldı
“Avara Həyatı” “Telegram” kanalının administratoru, Sankt-Peterburq sakinlərinə hücum edən bloger dəstəsinin rəhbəri 18 yaşlı Tural Məmmədov “Azərbaycan mafiyası” işi üzrə Dağıstandan Sankt-Peterburqa aparılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin baş idarəsi öz rəsmi “Telegram” kanalında məlumat yayıb.
Məlumata görə, tezliklə ona qarşı ittiham irəli sürüləcək.
Əvvəllər Tural Məmmədov Azərbaycan ərazisində gizlənsə də, sonradan o saxlanılaraq Rusiyaya ekstradisiya edilib.
Qeyd edək ki, Məmmədov və daha 15 nəfər Sankt-Peterburqda yoldan keçənlərə hücum etdikləri üçün saxlanılıblar. Hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, gənclər Sankt-Peterburqun müxtəlif ərazilərində yoldan keçənləri dəfələrlə açıq şəkildə döyüb, baş verənləri videoya çəkib, sonra isə bu videoları Məmmədovun administrator olduğu “Teleqram” kanalında yerləşdiriblər.
Müstəntiqlər həmçinin hesab edirlər ki, Məmmədov açıq şəkildə yoldan keçənlərə qarşı zorakılığa çağırıb.
Azərbaycanlı blogeri bir sıra maddələrlə, o cümlədən Rusiya Federasiyası Cinayət Məcəlləsinin 213-cü (bir qrup şəxs tərəfindən vətəndaşlara qarşı zorakılıq tətbiq etməklə törədilən xuliqanlıq), 282-ci (informasiya və telekommunikasiya şəbəkələrindən istifadə edərək nifrətin qızışdırılmasına yönəlmiş hərəkətlər) maddələri ilə cinayət məsuliyyəti gözləyir.