Azərbaycanla Fransa arasında diplomatik gərginlik: iki ölkə arasında nə baş verir?

Azərbaycanla Fransanın bir-birinin iki diplomatını persona-non-grata (arzuedilməz şəxs) elan etməsindən sonra iki ölkə arasında münasibətlərin “mövcud durumu və vəziyyəti ən aşağı nöqtədədir”, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov cümə axşamı keçirdiyi mətbuat konfransında bildirib.

Rəsmi Paris dekabrın 27-də açıqlayıb ki, “qarşılıqlı olaraq” Azərbaycanın Fransadakı səfirliyinin iki əməkdaşını persona-non-grata elan edib.

Bundan bir gün əvvəl Azərbaycan Fransa səfirliyinin iki əməkdaşını “diplomatik statusa uyğun olmayan fəaliyyətdə” ittiham edərək “arzuolunmaz şəxs” elan etmiş və 48 saat ərzində ölkəni tərk etməsini istəmişdi.

Fransa Xarici İşlər Nazirliyi rəsmi Bakının fransız diplomatlarına qarşı irəli sürdüyü ittihamları “qətiyyətlə rədd edir”, qurumun açıqlamasında bildirilib.

Azərbaycan Xarici İşlər Nazirliyi də azərbaycanlı diplomatların “arzuolunmaz şəxs” elan edilməsi üçün rəsmi Parisin hər hansı əsas təqdim etmədiyini açıqlayıb.

Ceyhun Bayramov
 

İki ölkə bir-birinin diplomatlarını niyə “arzuolunmaz şəxs” elan edib?

Rəsmi Bakının fransız diplomatlarla bağlı dekabrın 26-da verdiyi qərarından bir neçə gün əvvəl Azərbaycanın hakimiyyətə yaxın mediasında “Fransanın Azərbaycandakı casus şəbəkəsinin ifşasını” iddia edən məqalələr dərc edilib.

Bu iddiaları şərh etmək istəməyən Ceyhun Bayramov cümə axşamı keçirdiyi mətbuat konfransında yalnız onu deyib ki, diplomatlarla bağlı qərar verilməzdən öncə Fransa səfirliyinə “onların iki əməkdaşı barədə Azərbaycan dövlət orqanlarında ciddi faktların” olması ilə bağlı nota veriblər.

“Yəni, bu məlumatların araşdırılması zəruriliyi bildirilmişdi. Belə bir araşdırmanın aparılması üçün onlar dəvət edilmişdi. Diplomatik immunitetə sahib olan şəxslərlə bağlı araşdırma aparılması üçün həmin dövlətin razılığı tələb olunur. Fransa, dedikləri kimi, əməkdaşlarının günahsızlığına əmin idisə, onlar bu araşdırmaya imkan yarada bilərdilər”.

Ceyhun Bayramov bildirib ki, Azərbaycandan fərqli olaraq, Fransa “heç bir dəlil olmadan” iki azərbaycanlı diplomatı arzuolunmaz şəxs elan edib.

“Bir daha deyim ki, bizim atdığımız addımda sübut, dəlil və fakt var, onlarda isə bu, yoxdur”, – Bayramov qeyd edib.

Fransa Xarici İşlər Nazirliyi bəyanatında azərbaycanlı iki diplomatın arzuolunmaz şəxs adlandırmasını, sadəcə, rəsmi Bakının atdığı addıma “cavab tədbiri” kimi izah edib.

“Fransa Azərbaycandakı səfirliyinin iki əməkdaşının Azərbaycan tərəfindən persona-non-grata elan edilməsi ilə bağlı qərarını nəzərə alır. Rəsmi Paris Azərbaycan tərəfinin öz qərarına bəraət qazandırmaq məqsədilə irəli sürdüyü ittihamları qətiyyətlə rədd edir. Fransa cavab tədbiri kimi Azərbaycanın Fransadakı səfirliyinin iki əməkdaşını persona-non grata elan edib”, – Fransa XİN-in çərşənbə günü yaydığı məlumatda deyilir.

Azərbaycan Fransadan niyə narazıdır?

Azərbaycan tez-tez Fransanı regionda “qərəzli və militarizasiya siyasəti yürütməkdə” tənqid edir.

2022-ci ildə Fransa Prezidenti Emmanuel Makron France-2 telekanalına müsahibə zamanı Azərbaycana yönəlik bəzi iddialar səsləndirməsi rəsmi Bakını qəzəbləndirmişdi. O demişdi ki, “Moskva gərginliyi Azərbaycanın xeyrinə qızışdırmaqla” məşğuldur.

Azərbaycan Prezidenti İlham Əliyev fransalı həmkarının sözlərini “təhqiramiz, qəbulolunmaz, yalan və təxribat xarakterli” adlandırıb və bununla da Fransanın özünü Azərbaycan-Ermənistan arasında normallaşma prosesindən kənarda qoyduğunu bildirmişdi.

Rəsmi Bakı Fransanın “Cənubi Qafqazda regional sülh və sabitliyi ciddi şəkildə pozan, Avropa İttifaqının regionla bağlı ümumi siyasətini riskə atan qərəzli hərəkətləri”nə yol verdiyini və “hərbiləşdirmə siyasəti” apardığını əsas gətirərək İspaniyanın Qranada şəhərində əvvəldən planlaşdırılan “Azərbaycan, Ermənistan, Avropa İttifaqı, Fransa və Almaniya” formatında nəzərdə tutulan beştərəfli görüşə qatılmaqdan imtina etmişdi.

Bu ilin oktyabrında Fransala Ermənistan arasında hərbi əməkdaşlığın imzalanması da rəsmi Bakını narazı salmış və rəsmi Parisin bu addımını regionda “destruktiv fəaliyyət” kimi qiymətləndirmişdi.

Fransa rəsmiləri isə Ermənistana verilən silahın müdafiə xarakterli olduğunu bildirmişdi.

İki ölkə arasında siyasi gərginlik hansı həddə qədər arta bilər?

Keçmiş diplomat Emin İbrahimov deyir ki, Azərbaycanla Fransa arasındakı münasibətlərdəki gərginlik Rusiya ilə Qərb arasında baş verən toqquşma fonunda yaşanır.

Onun fikrincə, nə qədər ki, Qərblə Rusiya arasında gərginlik artacaq və bu rəqabət kəskinləşəcək, “bir o qədər də Azərbaycan hökuməti Rusiyaya sığınmağa məcbur olacaq və eyni zamanda Qərblə münasibətlər bir o qədər korlanacaq”.

“Azərbaycan hökuməti üçün anti-Qərb təbliğatını aparanda Qərb dövlətləri arasında hədəf seçmək üçün ən rahatı həmişə Fransa olub. Azərbaycan cəmiyyətində Fransanın ermənipərəst, neqativ bir imici var və Azərbaycan hökuməti də bütün bunlardan ümumilikdə Qərbi, Avro-Atlantik istiqaməti, demokratik xətti gözdən salmaq üçün sui-istifadə edir”, – Emin İbrahimov BBC Azərbaycancaya deyib.

Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov isə hesab edir ki, iki ölkə arasında münasibətlərin gərginləşməsində təşəbbüskar ölkə Fransadır.

Onun sözlərinə görə, Fransa son üç il ərzində üzv olduğu beynəlxalq təşkilatlarda bütün diplomatik səylərini “Azərbaycana qarşı təxribatların təşkilinə” yönəldib.

“İki ölkə arasında gərginliyin hansı həddə qədər yüksələcəyi Fransanın gələcəkdə hansı addımlar atmasından asılı olacaq”, – o deyir.

Ancaq Fərhad Məmmədov hesab edir ki, Fransa ilə yaşanan gərginlik iki ölkə arasındakı iqtisadi, ticarət və digər sahələrə təsir etməyəcək.

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov cümə günü keçirdiyi mətbuat konfransında bildirib ki, Azərbaycan heç vaxt Fransaya qarşı addım atmaq istəməyib, əksinə, həmişə münasibətlərin qorunmasının tərəfdarı olub.

O əlavə edib ki, Fransa Azərbaycan və Cənubi Qafqazla bağlı siyasətinə ” ciddi şəkildə yenidən baxarsa və dəyişikliklər edərsə, onda hansısa rəylər və proqnozlar vermək mümkün olar”.

BBC