Cənub bölgəsi bir sutkadan artıqdır işıqsız qalıb – SƏBƏB?
Respublikada əhalinin ən sıx yaşadığı Cənub bölgəsinə yağan qar icra strukturların, ümumiyyətlə “sistemin” bütün korrupsiya əməllərini tam çılpağı ilə üzə çıxartdı.
Elektrik təchizatı bir sutkadan artıqdır kəsilib və nə vaxt bərpa olunacağı bilinmir.
Bu ölkə hələ keçən əsrlərdən həmişə energetika sahəsində mütəxəsisləri ilə fəxr edib. Amma indi yalnız sədaqət, klan prinsipi ilə vəzifələrə təyin edilən, korrupsiya bataqlığında çamura bulaşan, energetikanın əlifbası olan Om qanunu belə bilməyənlər iş başındadırlar. Bu da nəticəsi…
Keçən əsrin 70-80-ci illərində bu bölgəyə dəfələrlə bir metrədək hündürlükdə qar yağmışdı, amma o vaxt şəbəkə hələ işlək olduğu üçün tab gətirirdi. İndi tab gətirmədi. Çünki, 60-cı illərdən qalan elektrik ötürücü xətləri artıq çürüyüb, baxımsızlıq üzündən daha da pis günə düşən transformatorların istismar müddəti bitib, beton dirəklər dağılıb, armaturu üzə çıxıb, ağac dirəklər az qala peyinə dönüb, dəmir dirəklər çoxdan korroziyaya üğrayıb.
Ayıbdır vallah. “İnkişafda bizə çatmağa cəhd edən ölkələr” nəyin peşində, biz isə hələ “nol faza” axtarırıq. Nə qədər ki, sistemdə “itən fazanı oğurlayanlar” idarə rəisləridir, bu hallar davam edəcək…
Masallının, Lənkəranın, Yardımlının, Astaranın, Cəlilabadın, Lerikin, Biləsuvarın əksər kəndlərində, rayon mərkəzlərində, hətta bütöv bir regionda elektrik təchizatının dayandırılmasını başqa necə izah etmək olar?
İdarəetmə sistemi dəyişilməsə, hər sahə öz bilicisinə, ləyaqətli, vicdanlı, dövlət büdcəsinə əl uzatmayan insanlara tapşırılmasa, “analoqu olmayan iqtisadi inkişaf” nağıl olaraq qalacaq və xalqın zülmü bitməyəcək.
Cəmaləddin Heybət