Mebel sexindəki yanğında ölənlərin sayı 6 nəfərə çatdı
Bakının Binəqədi rayonunda yanğın baş verən mebel sexinin yerində dağıntıların təmizlənməsi zamanı daha üç nəfərin cəsədi aşkar edilib. Bu barədə Turan-a bazar ertəsi axşam saatlarında Baş Prokurorluqdan bildiriblər.
***
Yanvarın 15-də Bakının Binəqədi rayonunda yerləşən mebel sexində baş verən yanğın-partlayış nəticəsində üç nəfər ölüb, bu barədə günorta saatlarında Baş Prokurorluq məlumat yayıb. Faktla bağlı cinayət işi açılıb.
Yanğıdan 24 nəfər xəsarət alıb, bu barədə Turan-a TƏBİB-dən bildiriblər.
Xəsarət alanlardan birinə yerindəcə tibbi yardım göstərilib, 23 nəfər isə tibb müəssisələrinə yerləşdirilib. Onlardan 10-u müxtəlif xəsarətlər, yanğın və sınıqlarla Şəhər Kliniki Mərkəzinə yerləşdirilib.
Daha 14 nəfər müxtəlif dərəcəli yanğın xəsarətləri ilə Nərimanov Tibb Mərkəzinin Yanıq Mərkəzinə daxil olub.
Öz növbəsində, FHN-dən yanğının lokallaşdırıldığı və tamamilə söndürülməsi üzrə tədbirlər görüldüyü bildirilib. Yanğının söndürülməsi zamanı üç nəfər xilas olunub.
* * *
Mebel sexində partlayış və yanğın baş verib, xəsarət alanlar var
Yanvarın 15-də günorta saatlarında Bakıda Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsində yerləşən mebel sexində yanğınla müşaiət olunan partlayış baş verib. Hadisə yerinə FHN-in müvafiq xidmətləri cəlb olunub.
Yanğınla əlaqədar həmçinin polis əməkdaşları əraziyə cəlb olunub, təhlükəsizlik tədbirləri görülür, bu barədə DİN-in məlumatında deyilir.
Öz növbəsində, TƏBİB hadisə yerinə 15 təcili yardım briqadası göndərildiyini bildirib.
Qeyri-rəsmi məlumatlara görə, çox sayda xəsarət alan var.