Fransa Senatının qətnaməsinə Milli Məclisdən cavab – Sanksiyalar gündəmə gəldi
Yanvarın 17-də Fransa Senatı az qala yekdilliklə Azərbaycana qarşı sanksiyaların tətbiqini tələb edən qətnamə qəbul edib.
Qətnamədə həmçinin Ermənistanın ərazi bütövlüyünə dəstək ifadə edilir və Azərbaycanın 19-20 sentyabr 2023-cü il tarixlərindəki Qarabağa qarşı “təcavüz”ü pislənir.
Sənəddə ermənilərin Qarabağa qayıtması və onların təhlükəsizliyinə zəmanət də tələb olunur.
Daha sonra qətnamədə “Azərbaycan qoşunlarının Ermənistanın suveren ərazisindən dərhal çıxarılması” tələb olunur, Dağlıq Qarabağın siyasi liderlərinin həbsləri pislənir və UNESCO missiyasının Dağlıq Qarabağa “mədəni və dini irsin vəziyyəti haqqında” hesabatın hazırlanması üçün göndərilməsi isrənilir.
Qətnamədə həmçinin Azərbaycanın “hərbi təcavüzü”nə görə sanksiya kimi Azərbaycan liderlərinin aktivlərinin müsadirə edilməsi və Azərbaycandan qaz və neft idxalına embarqo qoyulması da daxil olmaqla ən sərt tədbirlərin görülməsi tələb olunur.
Qeyd edək ki, bu, Fransa Senatının ilk belə qətnaməsi deyil. Analoji qətnamə Azərbaycanın 2020-ci ildə İkinci Qarabağ müharibəsində qələbəsindən sonra da qəbul edilib.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Fransa Senatının qətnaməsi ilə əlaqədar Bəyanat qəbul edib.
Bəyanatda deyilir:
“Fransada fəaliyyət göstərən erməni lobbisi rəhbərlərinin və onların təsiri altında olan Fransa rəsmilərinin və siyasətçilərinin təhriki ilə Fransa Respublikası Senatının 2024-cü il yanvarın 17-də qəbul etdiyi qərəzli, birtərəfli və əsassız qətnamə ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi aşağıdakıları bəyan edir:
– Son illərdə Fransa Respublikasının siyasi dairələri, o cümlədən Senatı və Milli Assambleyası birbaşa Yelisey Sarayından alınmış təlimat əsasında açıq irqçi, azərbaycanofob və islamofob fəaliyyətini daha da intensivləşdirmişdir və beynəlxalq hüquq normalarına və prinsiplərinə açıq hörmətsizlik nümayiş etdirərək Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı ədalətsiz addımlar atmaqda davam edir;
– Fransa hökumətinin apardığı anti-Azərbaycan siyasəti, o cümlədən Fransa Parlamentinin hər iki palatasında ölkəmiz əleyhinə indiyədək qəbul edilmiş qətnamələr ucbatından iki ölkə arasında münasibətlər tarixinin ən aşağı səviyyəsindədir və mahiyyətcə dayandırılmış hesab edilə bilər;
– Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə hörmət edilməsi Fransa tərəfinin həm çoxtərəfli, həm də ikitərəfli beynəlxalq öhdəliyi olsa da, Fransa istər ölkə daxilində, istərsə də beynəlxalq təşkilatlarda təşəbbüsçüsü olduğu qətnamə layihələrində ölkəmizin ərazi bütövlüyünü və suverenliyini sual altına qoymuşdur;
– BMT Təhlükəsizlik Şurası və Avropa İttifaqı çərçivəsində Fransanın irəli sürdüyü Azərbaycan əleyhinə çoxsaylı qərar və qətnamə layihələrinin qəbul olunmaması Azərbaycan dövlətinin uğurlu xarici siyasəti ilə yanaşı, Fransanın təşəbbüslərinin bu təşkilatlarda haqlı olaraq qərəzli və qeyri-obyektiv addımlar kimi qiymətləndirilməsi ilə bağlıdır;
– Fransanın Azərbaycana qarşı qeyri-qanuni fəaliyyətinin bir istiqamətini də uğursuz kəşfiyyat işi təşkil etmişdir. Bu ölkənin Bakıdakı səfirliyinin iki əməkdaşı diplomatik statuslarına uyğun olmayan, “Diplomatik əlaqələr haqqında” 1961-ci il tarixli Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətə görə Azərbaycan hökuməti tərəfindən “persona non grata” (arzuolunmaz şəxs) elan olunaraq ölkə ərazisindən çıxarılmışdır;
– Fransa hökumətinin, eləcə də Senatının və Milli Assambleyasının destruktiv və təxribatçı addımları Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin həyata keçirilməsinin qarşısını almağa və Cənubi Qafqaz regionunda vəziyyəti gərginləşdirməyə xidmət edir;
– Son aylar Ermənistan–Azərbaycan şərti sərhədində tam sakitliyin hökm sürməsi və heç bir münaqişəli halın baş verməməsi, görünür, Fransa tərəfini narahat edir. Fransa müxtəlif vasitələrə əl ataraq Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması istiqamətində görülən işlərə maneçilik törətməyə çalışır;
– Fransa Ermənistana silah-sursat satmaqla onun Azərbaycanla münasibətlərinin normallaşdırılmasına zərbə vurur, Ermənistandakı revanşist qüvvələri yeni müharibəyə həvəsləndirir;
– Cənubi Qafqaz regionunun və bütövlükdə Avropanın təhlükəsizliyi üçün təhdid törətmiş, Azərbaycanın qətiyyətli səyləri ilə artıq tarixə qovuşmuş Ermənistan–Azərbaycan münaqişəsinin 30 ilə yaxın müddətdə həll edilməməsinin əsas səbəblərindən biri də danışıqlar prosesində beynəlxalq vasitəçi rolunu oynamış bəzi dövlətlərin, xüsusən Fransanın Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına əsaslanan status-kvonu qoruyub saxlamağa çalışması olmuşdur;
– “Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında” 1954-cü il tarixli Haaqa Konvensiyasını və onun iki protokolunu, UNESCO-nun “Ümumdünya mədəni və təbii irsin qorunması haqqında” 1972-ci il 16 noyabr tarixli Konvensiyasını və “Mədəni irsin qəsdən dağıdılması haqqında” 2003-cü il 17 oktyabr tarixli Bəyannaməsini xatırladan Fransa Senatı Azərbaycan torpaqlarını 30 ilə yaxın işğal altında saxlamış Ermənistanın həmin konvensiyaları və Bəyannaməni kobudcasına pozduğunu bilə-bilə heç zaman bu ölkəni beynəlxalq öhdəliklərinə əməl etməyə çağırmamışdır;
– İndiki Ermənistan ərazisində yaşamış yüz minlərlə azərbaycanlının ata-baba yurdlarından zorla kütləvi surətdə qovulmasına səssiz qalan və onların geri qayıdış hüququnun bərpasına çağırış etməyən Fransa yenə də ikili standartlar siyasətinə sadiq qalaraq ermənilərin Azərbaycan ərazisində yerləşdirilməsi üçün hər fürsətdə canfəşanlıq edir;
– Mədəni irsin qorunmasından dəm vuran Fransa qadın azadlığının və hüquqlarının tərənnümçüsü kimi tanınan görkəmli şairə, rəssam, maarifçi və xeyriyyəçi Xurşidbanu Natəvanın Evian-le-Ben şəhərində heykəlinin təhqir olunmasının qarşısını almamış, bu rəzaləti törədənləri hələ də tapıb cəzalandırmamışdır;
– Fransa “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsinin müvəqqəti tədbirlər barədə qərarlarını məqsədli şəkildə təhrif edir. Fransanın iddialarının əksinə olaraq, Məhkəmə Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü bir daha təsdiq edən, Ermənistanın Azərbaycanın Qarabağ üzərində beynəlxalq səviyyədə tanınmış suverenliyini şübhə altına alan tələbini rədd edən qərar qəbul etmiş, Azərbaycanın bütün hərbi və hüquq mühafizə orqanlarının şəxsi heyətinin Qarabağ bölgəsindən çıxarılması ilə bağlı əsassız tələbini rədd etmişdir. Həmçinin Beynəlxalq Ədalət Məhkəməsi Laçın nəzarət-buraxılış məntəqəsinin Laçın yolu boyunca hərəkətə mane olduğuna dair Ermənistanın iddiasını qəbul etməmişdir;
– Fransa Senatının qətnaməsində və Fransa rəsmilərinin mütəmadi açıqlamalarında iddia edildiyinin əksinə olaraq, hətta Avropa Şurasının İnsan hüquqları üzrə komissarının Ermənistana və Azərbaycana səfərindən sonra hazırladığı hesabatda da qeyd edilir ki, Azərbaycan hakimiyyəti tərəfindən heç bir güc tətbiq olunmadan, Azərbaycanın Qarabağ bölgəsini tərk etmək yerli ermənilərin öz könüllü qərarı olmuşdur;
– Azərbaycana qarşı açıq düşmənçilik siyasəti yürüdən Fransadan fərqli olaraq, dünyanın əksər ölkələri, eləcə də müvafiq beynəlxalq təşkilatlar Azərbaycanın qarşılaşdığı “mina terroru”nu pisləyən açıqlamalar yaymışlar. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində minalarla kütləvi çirklənmə ilə bağlı kəskin problem və bunun ərazilərin reabilitasiyası, eləcə də keçmiş məcburi köçkünlərin öz evlərinə təhlükəsiz və ləyaqətli şəkildə qayıtması prosesi üçün yaratdığı əngəllər, habelə onların sağlamlığı və həyatı üçün törətdiyi ciddi təhlükələr beynəlxalq hesabatlarda tanınmışdır;
– Dünyanın müxtəlif bölgələrində 50-dən artıq dövlətin ərazisini işğal etmiş, sərvətlərini talamış, xalqlarını uzun illər əsarətdə saxlamış Fransanın törətdiyi vəhşiliklər, habelə insanlıq əleyhinə cinayətlər, eləcə də müharibə cinayətləri bəşər tarixinin qara səhifələridir. Müstəmləkə illərində Fransa silahlı qüvvələri etnik və dini mənsubiyyətinə görə yüz minlərlə dinc sakini kütləvi surətdə qətlə yetirmişdir. Törədilmiş soyqırımı cinayətləri Fransanın siyasi tarixində silinməsi mümkün olmayan ləkədir;
– 1960–1966-cı illərdə Əlcəzairin Böyük Səhrada payına düşən Reggan və İn Ecker adlı ərazilərində Fransa tərəfindən 17 nüvə sınağı gerçəkləşdirilmişdir ki, onlardan da 11-i yeraltı sınaqlar olmuşdur. Fransa aşkar edilməmiş kimyəvi, radioaktiv və zəhərlənmiş tullantıların yerləşdiyi ərazilərə dair topoqrafik xəritələri indiyədək Əlcəzair tərəfinə təqdim etmir. Eyni zamanda, Fransa həmin sınaqların və tullantıların yerli əhaliyə göstərdiyi təsirlərin qiymətləndirilməsi və müvafiq kompensasiyanın verilməsi məsələsindən də boyun qaçırır;
– İşğal etdiyi Əlcəzair ərazisində 5 milyondan artıq mina basdıran Fransa həmin minaların xəritələrini Əlcəzair tərəfinə verməkdən bu günədək imtina edir. Nəticədə Azərbaycan kimi Əlcəzair də dünyada mina partlayışından ən çox əziyyət çəkən ölkələrin sırasında ön yerlərdən birini tutur;
– Əlcəzairin 1830–1962-ci illəri əhatə edən işğalı dövründə 1,5 milyondan artıq insan fransızlar tərəfindən qətlə yetirildiyindən bu ölkə “1,5 milyon şəhid ölkəsi” adlandırılır;
– 1832-ci ildə El-Uffia qəbiləsi gecə yatdığı yerdə qılıncdan keçirilmiş, qadınlar və uşaqlar da daxil olmaqla, 12 min adam öldürülmüşdür;
– 1945-ci ildə Setif şəhərində 45 min əlcəzairli öldürülmüş, 5 minə yaxın adam həbs olunmuş, 99 nəfər edam, 64 nəfər ömürlük katorqa cəzalarına məhkum edilmişdir;
– 1961-ci il oktyabrın 17-də on minlərlə əlcəzairli Fransa işğalını pisləmək üçün Parisdə nümayişə çıxmışdır. Fransa polisinin açdığı atəş və etirazçıların Sena çayına atılması nəticəsində 1500-ə qədər əlcəzairli qətlə yetirilmiş, mindən çox şəxs həbs edilmişdir. Bu hadisə tarixə “Sena qətliamı” kimi daxil olmuşdur;
– Fransanın işğal etdiyi Cibuti, Nigeriya və Çadda xalqın islam təhsili alması qadağan edilmiş, məscid və mədrəsələr dağıdılmışdı. Müsəlman alimləri həbs edilmiş, müqavimət göstərən on minlərlə müsəlman qətlə yetirilmişdi. Tarixə “elm adamlarının soyqırımı” kimi həkk olunan hadisəni də fransızlar törətmişlər. Fransızlar 1917-ci ildə Çadda dini həyatı yenidən nizamlamaq adı altında konfrans təşkil edərək tədbirə qatılan 400-ə yaxın müsəlman elm adamının hamısını güllələmişlər;
– XIX əsrdə müstəmləkə müharibələrində öldürülən döyüşçülərin 18 min ədəd kəllə sümüyü Parisin İnsan Muzeyində saxlanılır və nümayiş etdirilir. Həmin kəllə sümüklərinin 500-dən çoxu əlcəzairli döyüşçülərə aiddir. Əlcəzairin həmin sümükləri geriyə qaytarmaq tələbini Fransa hələ də tam yerinə yetirmir. Bu cür mağara təfəkkürünə hazırda Fransadan başqa, dünyanın az dövlətində rast gəlmək mümkündür;
– Fransanın işğal etdiyi Mərakeşdə 1907-ci ilin avqustunda tarixə “Kasablanka döyüşü” kimi daxil olmuş hücumu nəticəsində 2 gün ərzində 3 minə yaxın mərakeşli qətlə yetirilmişdir;
– Tunisdə 1956-cı ildə mübarizə nəticəsində Fransa işğalına rəsmən son qoyulsa da, Fransa tərəfi ölkənin suverenliyinə hörmət etməyərək, bu ölkədə hərbi mövcudluğunu qoruyub saxlamağa cəhd göstərmişdir. 1961-ci ildə Tunis xalqının Fransa hərbi bazasının bağlanmasına dair tələbinə fransız hərbçilər qətllərlə cavab vermişlər. “Bizert böhranı” nəticəsində 5 minə yaxın tunislinin öldürüldüyü bu ölkənin Qırmızı Xaç Cəmiyyəti tərəfindən qeydə alınmışdır;
– Fransa işğal etdiyi ölkələrdə Cenevrə Konvensiyası ilə qadağan olunmuş kimyəvi silahlardan – zəhərli qazlardan istifadə etmişdir. Həmin qazların təsirinə məruz qalmış insanların nəvə-nəticələri bu gün də onkoloji və digər xəstəliklərdən əziyyət çəkirlər;
– Vyetnamda 1947-ci il noyabrın 29-da törədilmiş, “Mıy Ça” adlandırılan qətliam nəticəsində fransızlar 170-i qadın və 157-si uşaq olmaqla, yüzlərlə vyetnamlını vəhşicəsinə öldürmüşlər. 400-ə yaxın evin yandırıldığı bu qətliamlar zamanı vyetnamlı qadınlar güllələnməzdən əvvəl Fransa əsgərləri tərəfindən zorlanmışlar;
– 1994-cü ildə Fransa Ruandada “təhlükəsiz zona yaratmaq” adı altında hərbi əməliyyat keçirmişdir. Nəticədə Fransa silahlı qüvvələri onlara qoşulan yerli münaqişə tərəfinin iştirakı ilə bu ölkədə tutsi qəbiləsinin 800 mindən çox üzvünü qətlə yetirmişlər. “Ruandada tutsi qəbiləsinin soyqırımında Fransanın roluna dair hesabata məsul komissiya” tərəfindən 2021-ci il martın 26-da Fransa dövlətinin başçısına təqdim edilmiş sənəddə Fransanın qətliamda məsuliyyəti qeyd olunmuşdur;
– 2021-ci il martın 30-da Birləşmiş Millətlər Təşkilatının Malidə sabitləşmə üzrə çoxölçülü kompleks missiyasının (MİNUSMA) Müdafiə və insan hüquqları bölməsinin dərc etdiyi hesabatda Fransa hərbçilərinin Malinin Bounti kəndi yaxınlığında həyata keçirdiyi hava hücumu nəticəsində 19 mülki şəxsin həlak olduğu qeyd edilmişdir;
– Fransa işğal altında saxladığı dənizaşırı ərazilərdə mədəni hegemonluq, “kultursid” həyata keçirir, yerli mədəniyyətin inkişafını əngəlləyir, yoxa çıxmaq təhlükəsi altında olan yerli dilləri unutduran və aborigenlərin tarixinə, coğrafiyasına uyğun gəlməyən fransız məktəb proqramlarını tətbiq edən assimilyasiya siyasəti yürüdür;
– Fransa Maohi Nuidə (Fransa Qvianası) çay suyunun civə ilə kütləvi çirklənməsi, Martinik və Qvadelupanın torpaqlarının pestisidlərlə zəhərlənməsi kimi ağır cinayətlər törətmişdir;
– Fransa parlamentarilərini ilk öncə öz hökumətini müstəmləkəçilik siyasətindən əl çəkməyə və artıq uzun müddətdir ki, müstəqilliyi uğrunda mübarizə aparan Kanaky (Yeni Kaledoniya) və Maohi Nuinin (Fransa Polineziyası) azadlığını təmin etməyə çağıran qətnamə qəbul etməyə dəvət edirik;
– Qəmər Adaları İttifaqının ərazisi olan Mayotla bağlı BMT Baş Assambleyasının 1994-cü il 6 dekabr tarixli, A/Res/49/18 nömrəli qətnaməsində Baş Assambleya Qəmər Federativ İslam Respublikasının Mayot adası üzərində suverenliyini bir daha təsdiq etmiş, Fransa hökumətini Qəmər arxipelaqının 1974-cü il dekabrın 22-də öz müqəddəratını təyinetmə referendumu ərəfəsində Qəmər adalarının ərazi bütövlüyünə hörmət edəcəyinə dair götürdüyü öhdəlikləri yerinə yetirməyə çağırmışdır. BMT-nin əlaqədar qətnamələrinə məhəl qoymayan və beynəlxalq hüquqa hörmət etməyən Fransanı sözügedən qətnamələri icra etməyə çağırırıq;
– Fransanı törətdiyi insanlığa qarşı cinayətləri və müharibə cinayətlərini tanımağa, vəhşiliklər törətdiyi xalqlardan üzr istəməyə, həmçinin təbii sərvətlərini talan etdiyi dövlətlərə kompensasiya ödəməyə çağırırıq;
– Fransa parlamentarilərini öz hökumətini ölkədə artmaqda davam edən irqçi, antisemit, türkofob və islamofob təzahürlərin qarşısını almaq üçün siyasi iradə nümayiş etdirməyə və bu halların qarşısını almağa yönələn qətnamə qəbul etməyə dəvət edirik.
Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi yuxarıda şərh olunanları, xüsusən Fransanın davamlı anti-Azərbaycan fəaliyyətini nəzərə alaraq, Azərbaycan Respublikası Hökumətinə aşağıdakı tədbirlərin görülməsi ilə bağlı çağırış edir:
1. Fransaya qarşı sanksiyalar tətbiq edilsin.
2. Fransa rəsmilərinin Azərbaycanda hər hansı aktivləri aşkar edildikdə dondurulsun.
3. Fransa ilə bütün iqtisadi əlaqələr dayandırılsın.
4. Total da daxil olmaqla, bütün Fransa şirkətləri Azərbaycandan çıxarılsın.
5. Fransa şirkətlərinin Azərbaycan dövlətinin sifarişi ilə həyata keçirilən hər hansı layihədə iştirakına yol verilməsin.
6. Xarici İşlər Nazirliyinə tapşırılsın ki, Kanaky, Maohi Nui və Korsikanın müstəqilliyinin tanınması istiqamətində addımlar atsın”.