Paşinyan Almaniyada Azərbaycanın xeyrinə güzəştə razılaşıb – İDDİA
Ermənistanın Baş naziri Nikol Paşinyanın ötən həftə Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Almaniyada keçirdiyi görüşlər İrəvanda müzakirə olunur.
Modern.az xəbər verir ki, bəzi erməni ekspertlər yerli KİV-lərə Paşinyanın görüşləri barədə səs-küylü açıqlamalar verir, onun Münhendə Azərbaycanın xeyrinə güzəştlərə razılaşdığını iddia edirlər.
Enerji təhlükəsizliyi üzrə ekspert Armen Manvelyan bildirib ki, Paşinyan Almaniya kansleri Olaf Şoltsun vasitəçiliyilə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşə razılaşmamalı idi.
“Çünki Almaniya kanslerinin Cənubi Qafqazda heç bir təsiri yoxdur, ona görə də Şoltsun vasitəçiliyinə böyük əhəmiyyət verməyə ehtiyac yox idi”, – Manvelyan qeyd edib.
Erməni ekspert Əliyevin Paşinyanla görüşdən razı qaldığına diqqət çəkərək, bunun təşviş doğurduğunu söyləyib:
“Bu o deməkdir ki, Ermənistan hansısa başqa güzəştə getdiyi üçün risklər artır. Söhbət yəqin ki, Müstəqillik Bəyannaməsinin Ermənistan Konstitusiyasından çıxarılmasından gedir”.
Armen Manvelyanın sözlərinə görə, bu güzəşt Azərbaycanı dayandıra bilməyəcək. Rəsmi Bakı anklav kəndlərin azad olunmasını, 200 mindən 400 min nəfərədək azərbaycanlının Ermənistanda məskunlaşdırılmasını və sair tələbləri davam etdirəcək.
Onun sözlərinə görə, Ermənistan hətta 44 günlük müharibə zamanı belə pis vəziyyətdə olmayıb.
“Ermənistan hakimiyyətinin əli ilə Rusiya ilə Qərb arasında geosiyasi toqquşma İrəvanın mərkəzində baş verir. Əvvəlki hakimiyyət dövründə Avropa İttifaqı ilə münasibətlər indikindən daha yaxşı idi. Eyni şey ABŞ-la münasibətlərə də aiddir”, – ekspert vurğulayıb.
Paşinyanın Britaniya kəşfiyyatının rəhbəri ilə görüşünə də toxunan Manvelyanın fikrincə, bu, Ermənistanın kənardan idarə olunması deməkdir.
“Bu, yaxşı münasibətlərdən yox, Ermənistanın müstəmləkəçiliyindən xəbər verir. Britaniya kəşfiyyatının rəhbəri İngiltərənin Türkiyədəki səfiri olub və türkyönümlüdür. Ona görə də Paşinyanla vaxtaşırı görüşlər Türkiyənin Ermənistana təsirini bu yolla da gücləndirmək cəhdlərindən xəbər verir. Qərbin bölgədəki hərbi varlığı Türkiyənin hərbi varlığı deməkdir. Böyük Britaniya Azərbaycanın enerji resurslarında ən böyük paya nəzarət edir. London Azərbaycanpərəst mövqedən çıxış edir, çünki bu, onun maraqlarına uyğundur”, – Manvelyan əlavə edib.
Onun fikrincə, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanat Ermənistan hakimiyyətinin əli ilə ləğv edilib.
“Bu sənəd bütün pis tərəfləri ilə Qarabağla bağlı müəyyən təminatlar verirdi” deyən Manvelyan iddia edib ki, Ermənistan hökuməti Konstitusiyanın və dövlət rəmzlərinin dəyişdirilməsi şəklində güzəştə getməklə iqtidarda qalmağa çalışır, eyni zamanda İran və Rusiya ilə münasibətləri pisləşdirir ki, bu da ölkə üçün əlavə təhlükəsizlik təhdidləri yaradır.