Navalnının anası: “Müstəntiqlər məni şantaj edir, oğlumun gizli şəkildə dəfn olunmasını tələb edirlər”
Aleksey Navalnının anası Lyudmilaya mərhum oğlunun cəsədi göstərilib. O, bu barədə videomüraciətində danışıb.
Lyudmila Navalnaya ildirib ki, istintaq siyasətçinin gizli şəkildə dəfn edilməsini tələb edir, imtina edərsə, cəsədi ilə “nəsə” edəcəyi ilə hədələyir:
“Mən indicə Salekhard şəhərinin İstintaq Komitəsinin binasından çıxdım. Demək olar ki, bir günümü orada tək, müstəntiqlər və kriminoloqlarla keçirdim. Vəkili ancaq günorta buraxdılar.
Dünən axşam məni gizlicə meyitxanaya apardılar, orada Alekseyi göstərdilər. Müstəntiqlər ölümün səbəbini bildiklərini deyirlər. Onlarda bütün tibbi və hüquqi sənədlər var və mən ölüm şəhadətnaməsinə imza atdım.
Qanuna görə, Alekseyin cəsədini dərhal mənə verməli idilər, amma indiyə qədər bunu etməyiblər. Əvəzində məni şantaj edirlər, mənə şərt qoyurlar – Alekseyi harada, nə vaxt və necə dəfn etmək lazım olduğunu diktə edirlər. Bu qanunsuzdur.
Mənim yanımda ya Kremldən, ya da İstintaq Komitəsinin mərkəzi aparatından əmr alırlar. Dəfnin gizli, vidalaşma olmadan həyata keçirilməsini istəyirlər. Məni qəbiristanlığın kənarına aparıb “oğlunuz buradadır” demək istəyirlər. Mən bununla razı deyiləm. İstəyirəm ki, Alekseyi öz əzizi sayan, ölümünün şəxsi faciəsi kimi qəbul edən sizlərin onunla vidalaşmaq fürsəti olsun.
Məni hədələdikləri üçün bu videonu çəkirəm: gözlərimin içinə baxaraq deyirlər ki, gizli dəfn mərasiminə razı olmasam, oğlumun cəsədi ilə nəsə edəcəklər. Müstəntiq Voropayev mənə açıq şəkildə dedi: “Zaman sənin tərəfində deyil, meyit çürüyür”. Mən xüsusi şərtlər istəmirəm, sadəcə hər şeyin qanuna uyğun olmasını istəyirəm. Oğlumun meyitinin dərhal mənə qaytarılmasını tələb edirəm”.