Şuşalılar İlham Əliyevə müraciət etdi
Redaksiyamıza Şuşa əhalisi adından ölkə başçısı İlham Əliyevə, Milli Məclisin sədri Sahibə Qafarovaya və baş nazir Əli Əsədova ünvanlanan müraciət təqdim edilib.
Müraciətdə deyilir:
“Cənab Prezident, hörmətli millət vəkilləri, cənab Baş Nazir.
Uzun illər düşmən işğalı altında olan vətən torpaqlarımızın, o cümlədən xalqımıızın qürur yeri, mədəniyyət mərkəzi olan Şuşa qalasının azad olunması xalqımızın bir kəsimi olaraq Şuşa əhalisini də təbii ki, olduqca fərəhləndirmiş və qüdrətli dövlətimizlə, müzəffər ordumuzla və onun ali baş komandanı ilə bizlərə böyük və əvəzolunmaz qürur hissi yaşatmışdır. Xalqımızın keçməkeşli tarixinə qızıl hərflərlə yazılacaq bu sevincli anları xalqımıza yaşadanları, əlbəttə ki, xalqımız heç vaxt unutmayacaq və əbədiyyən layiqincə dəyərləndirəcəkdir. Azad olunmuş vətən torpaqlarımızda aparılan bərpa və quruculuq işləri də olduqca təqdirəlayiqdir. Şuşa əhalisi cənab Prezidentimizin çıxışlarının birində böyük səmimiyyət duyğusu ilə şuşalıların da təklif və fikirlərinin önəmli olmasını dilə gətirərək “Şuşanı necə görmək istəyirsiniz?” deyə müraciət etməsini olduqca məmnunluq hissi ilə qarşılamışdır və bununla əlaqədar əvvəlki müraciətlərimizdə öz təklif və fikirlərimizi ifadə etmişik. Ancaq indi şəhərimizdə görülməkdə olan bərpa və qurucuuq işlərinin hazırkı gedişatına münasibətdə bəzi gözləntilərimizin hələ də özünü doğrultmadığının şahidi olmaqdayıq.
Verdiyimiz təkliflər sırasında bizi ən çox qayğılandıran Şuşa şəhərində yerləşən şəhidlər məzarlığının abadlaşdırılması məsələsidir. Şuşanın azad olunmasından artıq 4 ilə yaxın vaxt ötür. Lakin ötən bu müddət ərazində müasir standartlara uyğun möhtəşəm mehmanxana və yaşayış kompleksləri, ictimai iaşə obyektləri inşa edilməkdə olsa da və bəzi tarixi abidələrimiz bərpa edilsə də, təəssüflər olsun ki, hələ də şəhidlər məzarlığında abadlaşdırma işlərinə başlanılmamışdır. Hesab edirik ki, Şuşanın müdafiəsi və işğaldan azad olunması uğrunda canını fəda etmiş şəhidlərimizə böyük ehtiram əlaməti olaraq ilkin olaraq Cıdır düzü ərazisində yerləşən şəhidlər məzarlığının abadlaşdırılması və orada Şəhidlər Xiyabanının salınması, o cümlədən xiyabanın girişində Şuşanın müdafiəsi və işğaldan azad olunması uğrunda şəhid olmuş qəhrəman vətən övladlarının şəninə xatirə abidəsinin və guşəsinin yaradılması vacib idi. Əvvəlki müraciətlərimizdə də qeyd etdiyimiz kimi, biz şuşalılar şəhidlər məzarlığında aparılacaq abadlıq işlərinə öz maddi imkanlarımız və işçi qüvvəmiz hesabına dəstək olmaqla bu arzumuzu gerçəkləşdirmək istəyirik. Bunun üçün də şəhidlərimizin mərmər lövhə üzərində barelyeflərini hazırlatmışıq. Bizim etmiş olduğumuz müraciətlərin müqabilində bizə 1-2 aya şəhidlər məzarlığında işlərə başlanılacağı bildirilsə də verilən bu cavablardan xeyli müddət ötür, ancaq nə iş başlanılır və nə də ki bizi şəhidlər məzarlığına buraxırlar. Hətta belə məlumatlar eşitməkdəyik ki, şəhidlər məzarlığının yerini dəyişmək istəyirlər. Doğrusu biz buna inanmaq istəmirik. Bu qətiyyən yolverilməzdir və belə bilirik ki, hökumətimiz də buna getməz. Şəhidlərimizə böyük ehtiram əlaməti olaraq şəhidlər məzarlığı şəhərimizin ən füsunkar və görkəmli yerində, Cıdır düzünün ətəyində salınmışdır. Bir qədər gecikmiş olsaq da şəhidlər məzarlığının abadlaşdırılaraq xiyabana çevrilməsi üçün təxirəsalnmaz şəkildə işlərə başlanılmasını xahiş edirik.
Əvvəlki müraciətlərimizdə həlli vacib olan ikinci məsələ digər məzarlıqların, Mirzə Həsən və Cıdır düzü məzarlıqlarının abadlaşdırılması və bizə həmin məzarlıqları ziyarət etməyimiznə şərait yaradılması məsələsi olmuşdur. Həmin məzarlıqları erməni barbarlar tamamilə dağıtmış və oraları ağaclar, kollar basmışdır. İnsanlarımıza bu məzarlıqları ziyarət etməyə və abadlaşdırma işləri aparmağa icazə verilmir. Belə bir icazənin verilməsinə təminat yaradılmasını xahiş edirik.
Bir xahişimiz də o olmuşdur ki, bərpa və quruculuq işlərində Şuşanın yerli mütəxəssislərindən və işçi qrupundan istifadə olunsun. Biz uzun illərdir ki, öz dogma vətənimizdə çalışıb işləməyi arzulamışıq. Bu həm yerli sakin olaraq bizim relyefi daha yaxından bilməyimiz, azad olunmuş vətən torpağında daha həvəslə və şövqlə işləməyimiz üçün zəmin yaranması və eyni zamanda işlə təmin olunaraq məskunlaşmağımız nöqteyi-nəzərdən əhəmiyyətli ola bilər.
Digər bir məsələ şuşalı sakinlərin məskunlaşdırılması ilə bağlı məsələdir. Məlumdur ki, şəhərimizdə hökumətimiz tərəfindən hazırlanmış yeni layihələrə müvafiq olaraq tikinti işləri aparılmaqdadır və buna görə də şəhər azad edildikdən sonra dağıntıya məruz qalmış bina və həyət evlərinin söküntüsü ilə yanaşı salamat qalmış bəzi bina və həyət evlərinin söküntüsü də aparılır. Bizdə olan məlumata görə yaxın vaxtlarda bir qrup şəhər sakininin də yeni tikilməkdə olan binalarda məskunlaşdıırılması planlaşdıırılır. Çox istərdik ki, bu məskunlaşdırılma qanunvericiliyin tələblərinə uyğun və ədalətli olsun. Sakinlərimiz əvvəlki evlərindən və mənzillərindən məhrum olmuşlarsa da əvvəlki ev və mənzillərinin yerində və yaxud ona yaxın ərazilərdə inşa edilmiş ev və mənzillərlə təmin edilsinlər, bu mümkün olmadığı təqdirdə isə sakinlərimizə hökumətimizlə razılaşdırılmış layihələr əsasında ya evlərini bərpa etmələrinə və yaxud da ki yenisini tikmələrinə icazə verilsin. Şəhərimizdə elə yaşayış binaları və evləri vardır ki, hazırda onlardan mehmanxana kimi istifadə olunur və həmin yaşayış yerlərinin sahibləri və hətta mülkiyyətçiləri ev və mənzillərinə buraxılmır, “mehmanxana sahibləri” tərəfindən onlardan böyük məbləğdə ödəniş etmələri tələb olunur. Hesab edirik ki, salamat qalmış və söküntüsü nəzərdə tutulmamış bina və həyət evlərində də buna istifadə və mülkiyyət hüququ olan sakinlərimizin yenidən məskunlaşmalarına şərait yaradılmalıdır. Bizdə olan məlumata görə şəhərin ən cazibədar yerlərində sökülmüş bina və evlərin yerində tikintisi planlaşdırılan bina və evlərin yüksək bazar qiymətlərinə satışa çıxarılması nəzərdə tutulmuşdur ki, bu kimi məlumatlar da bizi narahat etməyə bilmir. Yəni belə görünür ki, qanun və ədalət naminə həmin ərazilərdə məskunlaşdırılmalı olan sakinlərin əvəzinə vətəndaşlığından, yerli sakin olub-olmamasından, sosial mənsubiyyətindən və sairə asılı olmayaraq istər satan və istərsə də ki alan olsun, maddi imkanı yetənlər bu yaşayış yerlərindən bəhrələnəcəklər. Biz dəbdəbəli yaşayış arzusunda deyilik, çox arzulamışıq ki, təki dogma yurdumuz azad olunsun, bir koma tikib yaşayaq. Amma çox istərdik ki, yurdumuzu müdafiə edən və yenidən bizə qaytaran bütün vətən övladlarına və onların ailələrinə məskunlaşma prosesində layiq olduqları şəkildə xüsusi qayğı və diqqət göstərilsin, onlar daha yaxşı ev və mənzillərlə təmin olunsunlar.
Deyildiyi kimi, Şuşa abidələr şəhəridir və mədəniyyət mərkəzidir. Odur ki, bərpa və quruculuq işləri zamanı tarixi və mədəniyyət abidələrinin orijinallığının qorunub saxlanılması və yerli memarlıq üslublarına əməl olunmasını zəruri sayırıq. Bundan bağqa, Şuşa qalasının memarı Pənahəli xanın, Şuşanın müdafiəsi və azad olunması uğrunda canını fəda etmiş şəhidlərimizin, həmçinin qəhrəman qazi və döyüşçülərimizin şərəfinə füsunkar relyefə malik bir ərazidə abidə ucaldılmasını arzuolunan hesab edirik.
Şuşa təmiz və saf havasına görə dünyada Davos şəhəri ilə birinci-ikinci yerləri bölüşür. İşğala məruz qalana qədər burada dünyaca müalicəvi əhəmiyyətli sanatoriyalar və istirahət evləri fəaliyyət göstərmişdir. Həmin sanatoriya və istirahət evlərinin fəaliyyətinin bərpa olunmasını məqəsədəmüvafiq sayırıq. Bu layihə çərçivəsində hesab edirik ki, şəhid ailələri və qazilərimiz üçün ödənişsiz və yaxud güzəştli ödənişlərlə müalicə və istirahət mərkəzlərinin yaradılması da olduqca önəmlidir.
Digər əhəmiyyətli saydığımız məsələ Şuşada idman kompleksinin, o cümlədən futbol meydançasının tikilməsi məsələsidir. Şuşanın təbii şəraiti və havası idman məşqlərinin və yarışlarının keçirilməsi üçün də olduqca əlverişli sayıla bilər.
Artıq bilirik ki, dövlət və hökumət səviyyəsində Şuşada turizmin inkişafına xüsusi diqqət ayrılmış və layihələr işlənmişdir. Bu layihələr çərçivəsində Cıdır Düzü ilə Topxana arasında asma körpünün və yaxud kanat yolunun çəkilməsi, həmçinin Daşaltı çayı üzərində süni gölün yaradılması yaxşı olardı.
Bütün bu xahiş və təkliflərimizlə yanaşı Sizdən bir istəyimiz də vardır ki, bizə – Şuşa sakinlərinə hər hansı bir yoxlama tədbirlərinə əməl etmək şərti ilə belə olsa da sərbəst şəkildə Şuşaya getməyimizə icazə verilsin. Elə sakinlərimiz vardır ki, Şuşa azad olunandan bəri oraya gedə bilməmişlər. Bəziləri vardır ki, turizm marşrutlarına bilet ala bilməmişlər və bu marşrutlardan istifadə edənlər də verilən 2 saat icazə müddətində 30 ildən çox həsrətində olduqları vətənlərini gəzib-dolaşa bilməmişlər. Elə biz müharibə veteranlarının Şuşaya səfər edərək şəhidlərimizin məzarını ziyarət etmək və orada müəyyən abadlaşdırma işləri aparmaq üçün etdiyi müraciətlərə indiyədək müsbət cavab verilməmişdir. Onu da nəzərə alaq ki, insanlar yaşadıqları evlər dağılıb xarabalığa çevrilmiş olsa da belə həmin evlər sökülməmişdən bir dəfə də olsa oranı görüb keçmişlərini xəyal etmək istəyirlər. Biz ölkəmizə və hətta bütün dünyaya dahilər bəxş etmiş yurdumuzda bu dahiləri yenidən verə biləcək əvvəlki yaşam tərzinə və mədəni dəyərlərə söykənən yurd qurmaq arzusundayıq. Bunun üçün də şəhərimizdə aparılan bərpa-quruculuq işləri daxil onun idarəçiliyində və mədəni-kütləvi tədbirlərində iştirakımızın yetərincə təmin olunmasını istərdik.
Ümid edirik ki, xahiş və təkliflərimiz lazımınca dəyərlədiriləcək və nəzərə alınacaqdır”.
Müraciəti redaksiyamıza bir qrup Şuşa sakini adından Qarabağ qazisi, vəkil Yavər Hüseyn təqdim edib.