Azərbaycanda siyasi məhbusların sayı 300-ə yaxınlaşır
Azərbaycan Siyasi Məhbusların Azadlığı Uğrunda İttifaq siyasi məhbusların yeni siyahısını açıqlayıb. Dekabrın əvvəlində elan edilmiş əvvəlki siyahı ilə müqayisədə siyasi məhbusların sayı 43 nəfər artaraq 288 nəfər olub.
Eyni zamanda, “Gəncə işi” üzrə 9 müttəhimin cəza müddəti başa çatdığına görə siyahıdan çıxarılıb.
“Jurnalistlər və blogerlər” qrupuna 9 yeni ad daxil olub və bu kateqoriyadan olan siyasi məhbusların sayı 20 nəfərə çatıb.
Bu qrupa əlavə edilənlər: Teymur Kərimov (“Kanal 11” Youtube kanalı), İbrahim Hümbətov (Azerinfo.az saytı), Ərşad İbrahimov (Dunyaninsesi.az saytı), Hafiz Babalı (Turan agentliyi), Şamo Eminov (“Kanal 13” İnternet TV), Elnarə Qasımova (Abzas Media), Arzu Sayadoğlu ( Məmmədov) “Arzu Sayadoğlu” YouTube kanalı, Ələsgər Məmmədli (Toplum TV-nin təsisçisi), Müşfiq Cabbarov (Toplum TV).
“Partiyalar və ictimai təşkilatların üzvləri” qrupunda da siyasi məhbusların sayı 9 nəfər artaraq 22 nəfərə çatıb. Onlar Elnur Həsənov (Azərbaycan Xalq Cəbhəsi Partiyası), İlhamiz Quliyev (ictimai fəal), Möhyəddin Orucov (ictimai fəal), Tofiq Yaqublu (Müsavat Partiyası), Akif Qurbanov (III Respublika platforması), Ruslan İzzətli (III Respublika Platforması), Əli Zeynalov, Ramil Babayev və İlkin Əmrahov (hamısı Demokratik Təşəbbüslər İnstitutundan).
“Dindarlar” kateqoriyasına 25 yeni siyasi məhbus daxil olub. Hazırda onların sayı 208 nəfərdir.
Ümumilikdə, siyasi məhbuslar aşağıdakı qruplar üzrə təsnif edilib:
“Jurnalistlər və blogerlər” – 20 nəfər;
“Hüquq müdafiəçiləri” – 2;
“Müxalifət partiyaları və hərəkatların üzvləri” – 22;
“Almaniyadan deportasiya olunan siyasi mühacirlər” – 5;
“Dindarlar” – 208;
“Tərtər işi üzrə məhkumlar” – 7;
«”Gəncə işi üzrə məhkumlar” – 13;
«”Ömürlük məhkumlar” – 11.
Turan