Avropa Məhkəməsi Azərbaycandan 21 ərizəyə dair qərarlarını elan edib
Martın 28-də Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycandan göndərilmiş 21 ərizə ilə bağlı qərar və qərardadlarını elan edib.
“Azad Mürsəliyev Azərbaycana qarşı” işi böhtan və təhqirə görə şəxsi həyata hörmət hüququnun pozuntusu iddiaları ilə bağlıdır. Ərizəçi Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru, siyasi mühacirətdə olan Elşad Abdullayevin qohumudur.
Azər Mürsəliyev guya cinayət törətməklə bağlı vəkil Ramiz Zeynalovun Elşad Abdullayevin və digər qohumlarının ünvanına ittihamlarına yerli məhkəmələrdə etiraz edib.
Avropa İnsan Hüquqları Məhkəməsi şikayəti təmin edib və ona 2 min avro kompensasiya ödənilməsi barədə qərar qəbul edib.
“Mirələm Həşimov Azərbaycana qarşı” işində ərizəçi onlayn nəşrin rəhbəridir. 2015-ci ildə dərc olunan yazılara görə Masallı Rayon İcra Hakimiyyətinin başçısının iddiası üzrə 500 manat cərimə olunub. Materiallarda yerli rəhbərliyin büdcə vəsaitlərini mənimsəməsindən və ağacların kəsilməsindən danışılıb.
Bu işdə tərəflər dostca anlaşıblar. Hökumət ərizəçiyə 1600 avro mənəvi zərər, 800 hüquqi xərclər əvəzi ödəməlidir.
Dinc toplaşmanın məhdudlaşdırılmasından və Avropa İnsan Hüquqları Konvensiyasının 11-ci (toplaşma və birləşmə azadlığı) və 13-cü (effektiv hüquqi müdafiə hüququ) maddələri üzrə hüquqlarının pozulmasından şikayət edən vəkillər Elçin Sadıqov və Cavad Cavadovun işində də tərəflər dostca anlaşıblar.
Hakimiyyət ərizəçilərə 1750 avro ödəməyə hazır olduğunu bildirib.
Avropa Konvensiyasının 11-cü və 13-cü maddələri üzrə hüquqlarının pozulmasına etiraz edən daha 14 ərizəçiyə eyni məbləğdə kompensasiya ödəniləcək.
Hökumət və ərizəçilər – fəallar Natiq Cəfərov, Dilarə Vəliyeva və Rəsul Cəfərov arasında dostca anlaşma olub. Onlar dinc toplaşma hüququnun məhdudlaşdırılmasından analoji şikayətlər veriblər və Avropa Konvensiyasının 11-ci və 13- cü maddələri üzrə hüquqlarının pozulmasının tanınmasını xahiş ediblər. Onların hər birinə 1750 avro ödəniləcək.