Arif Hacılı Azərbaycan hakimiyyətini Türkiyədəki kimi seçki keçirməyə çağırdı
Müsavat Partiyasının başqanı Arif Hacılı Türkiyədə keçirilən bələdiyyə seçkilərinə münasibət bildirib.
“Türkiyəmiz üçün xeyirli, uğurlu olsun” deyən Arif Hacılı Azərbaycan hakimiyyətini ölkədə demokratik seçki keçirməyə çağırıb.
“Hakimiyyətimiz doğrudan da “Bir millət iki dövlət” şüarına sadiqdirsə, Türkiyənin apardığı daxili və xarici siyasəti dəstəkləyir, hətta bəzi hallarda təqlid edirsə bu məsələdə də Türkiyə Cümhuriyyətindən nümunə götürməli, Azərbaycanda da gerçək yerli özünüidarəetmə sistemi qurub demokratik seçkilər keçirməlidir. İndi millət və dövlət olaraq qarşımızda duran birinci vəzifə ölkədə azad cəmiyyətin, hüquqi dövlətin qurulması olmalədır” – deyə, Müsavat başqanı özünün feysbuk səhifəsində yazıb.
Bazar günü Türkiyədə bələdiyyə seçkilərinə ittifaqsız getmiş Cümhuriyyət Xalq Partiyası (CHP) 1977-ci il seçkilərindən sonra qeyri-rəsmi nəticələrə görə, birinci yerə çıxaraq özü üçün tarixi “qələbə” qazanıb. Hakim Ədalət və İnkişaf Partiyası (AKP) seçki marafonunu ikinci yerdə başa vurdu və 22 illik iqtidarında ilk dəfə seçkilərdə məğlub oldu. Türkiyə Mərkəzi Seçki Komissiyasının rəhbəri səsvermənin bəzi hallar istisna olmaqla, problemsiz başa çatdığını açıqlayıb.