Blinken Azərbaycan və Ermənistan liderləri ilə danışıb

ABŞ Dövlət katibi Antoni Blinken aprelin 28-də Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla ayrı-ayrı telefon danışığı aparıb. Dövlət Departamentinin sözçüsü Metyu Millerin açıqladığı bəyanatlarda Dövlət katibi Blinkenin telefon söhbətləri zamanı Azərbaycan və Ermənistanın Alma-Ata Bəyannaməsinə əsasən iki ölkə arasında sərhədin delimitasiyası ilə bağlı razılığa gəlməsini alqışladığı bildirilir.

“Dövlət katibi Prezident Əliyevin keçən həftə Ermənistan və Azərbaycanın 1991-ci il Alma-Ata Bəyannaməsindən sərhədlərin delimitasiyası üçün əsas kimi istifadə etmək barədə razılığa gəldiyini elan etməsini yüksək qiymətləndirib və bunun hər iki tərəfin davamlı və ləyaqətli sülhə nail olması üçün əhəmiyyətini vurğulayıb” – deyə Metyu Millerin açıqladığı bəyanatda bildirilir.

Bəyanatda dövlət katibinin ABŞ-ın bu səyləri dəstəkləməyə hazır olduğunu bir daha vurğulayaraq, prezident Əliyevi erməni həmkarı ilə tempi saxlamağa çağırdığı qeyd edilir.

“Dövlət katibi Blinken ABŞ və Azərbaycan arasında güclü ikitərəfli münasibətlərə sadiqliyimizi vurğulayaraq, enerji, iqlim və kommunikasiya sahələrində ortaq məqsədlər üzrə əməkdaşlıq etmək və Bakıda keçiriləcək COP 29-un müvəffəqiyyətini təmin etmək üçün səylərimizi qeyd edib”, bəyanatda bildirilir.

Bəyanatda Blinkenin Azərbaycanın Qubad İbadoğlunun humanitar jest olaraq ev dustaqlığına buraxılmasını alqışladığı və onun tam və tezliklə azad edilməsinə çağırdığı qeyd edilir.

“Dövlət katibi Blinken bir daha Azərbaycanı insan hüquqları sahəsində beynəlxalq təəhhüd və öhdəliklərinə əməl etməyə və Azərbaycanda haqsız yerə həbs edilənləri azad etməyə çağırıb”, Dövlət Departamentinin açıqladığı bəyanatda bildirilir.

Dövlət katibi Blinkenin Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığı zamanı ABŞ-ın Ermənistan və Azərbaycan arasında davamlı və ləyaqətli sülh sazişinə doğru irəliləyişə dəstəyini bir daha təsdiqlədiyi qeyd edilir.

Blinkenin Birləşmiş Ştatların Ermənistan və Azərbaycanın Alma-Ata Bəyannaməsindən sərhədlərin delimitasiyası üçün əsas kimi istifadə etmək barədə razılığını alqışladığını bir daha qeyd etdiyi vurğulanır.

“Dövlət katibi Blinken ABŞ-ın Ermənistanın suverenliyi və ərazi bütövlüyü, eləcə də Baş nazir Paşinyanın Ermənistanın firavan, demokratik və müstəqil gələcəyi ilə bağlı baxışını dəstəkləmək üçün səylərini davam etdirdiyini qeyd edib”, bəyanatda bildirilir.