Kol-kos, yoxsa uca çinarlar?
Elşən Əlisoy
Bəzən sıx meşəlik kimi görsənən bir dağ görürsən. Yaxınlaşdıqda məlum olur ki, hündür, qol-qanadlı ağaclar kimi görsənənlərin demək olar ki, hamısı kol-kosdur. Dağda bir neçə, qol-qanadlı ətrafa sərinlik və kölgəlik verən köklü ağac var, onlarında ətrafını kol-kos o qədər bürüyüb ki, ora çatmaq üçün mütləq o kol-kosu keçməlisən. Bu da çətin məsələdir, əynin -başın çırılacaq, hətta, bədənin də xəsarət görəcək. Köklü ağacların əzəmətini dərk edən və sərinliyini duyan insanlardan başqa o kol-kosu keçmək həvəsi çox adamda olmur.
Azərbaycanın ictimai-siyasi həyatı da belədir. Siyasi meydanda o qədər kol-kos əkiblər ki, uca çinarlara yaxınlaşmaq üçün həmin kol-kosları keçməyə məcbur olursan. Hələ bir o kol-koslara adlar da qoyublar; “konstruktiv müxalifət” , “dövlətçil müxalifət”, “radikal müxalifət” nə bilim, “Turançı müxalifət”, “ağıllı müxalifət” və sairə.
Cəmiyyət çaşır. Cəmiyyət kol-kos müxalifətin əlindən Müsavat Partiyası kimi köklü çinarın sərinliyindən, kölgəsindən yararlana bilmir.
Kökləri 30 sm- dən dərinə gedə bilməyən bu kol-kos təşkilatlarının əlindən, kökləri Vətən torpağının dərinliyinə işləyən, dərin kökləri sayəsində Vətən torpağının sabitliyini saxlayan, onu çatlamaqdan, sürüşməkdən qoruyan təşkilatların sıraları genişlənir bilmir.
Müsavat Partiyasının Qurultayı ərəfəsində kol-kosun əlindən istədiyimiz kimi təşkilatlana da bilmədik. Gah kol-kosun cızdığı yerləri düzəltdik, gah bədənimizə batan tikanları çıxardıq, gah da, kol basmış cığırları yenidən təmizləməli olduq.
Ölkəmizin düşdüyü durumdan ən çox məsuliyyəti olanlardan biri də, bu kol-kosdur. Uzaqdan yaşıllıq kimi görünüb, əslində uca çinarlara doğru getmək istəyənlərin yoluna tikan səpən bu yabanı bitkilərin əlindən təşkilatlanmaq çətinləşir.
Cəmiyyət bunu bilməlidir ki, hətta özünə rahat bir bağ salmaq istəyən adamın ilk işi bağda olan kol-kosu təmizləməkdir. Kol-kosun nə kölgəsi olur, nə sərinliyi olur, nə odu olur, nə də közü.
Əgər özümuzə gözəl bir ölkə qurmaq istəyiriksə, ilk növbədə yolumuzun üstündə olan kol-kosu təmizləməliyik. Hər kəs anlamalıdır ki, uzaqdan yaşıllıq görünənlərin çoxu yararsız koldan başqa bir şey deyil.
Gəlin tam səmimi olaq. Tam səmimi olaraq qarşımıza bir kağız qoyaq və bir tərəfə İSA QƏMBƏR və ARİF HACILI yazaq. Bir tərəfə də, ölkənin ictimai-siyasi həyatında ciddi fiqur olduğunu iddia edən digər adamların adlarını yazaq və tam qərəzsiz, ədalətlə onların keçdikləri yolları təhlil edək. Görək bu adamlarla eyni səviyyədə nə qədər güvənəcəyimiz siyasət adamı var. Səmimi şəkildə təhlil edək və dövlətimizin rifahı naminə bir an belə gözləmədən inandığımız tərəfə gedək.