Süni intellekt iqtisadiyyata trilyonlarla dollar qazandıracaq
Nüfuzlu mərkəzlərin proqnozlarına görə, 2030-cu ilə qədər süni intellekt qlobal iqtisadiyyata 15 trilyon dollardan çox gəlir gətirəcək. Süni intellektin qlobal iqtisadiyyata gətirəcəyi 15 trilyon dollardan çox gəlirdən bir faiz Azərbaycanın payına düşsə, bu 150 milyard dollar deməkdir. Bu təxminən 30 il ərzində neftin ixracından əldə etdiyimiz gəlirə bərabərdir. Halbuki, onu yeri qazmadan, ətraf mühitə zərər vurmadan və 30 il vaxt itirmədən bir il içində qazanmaq mümkündür.
Təəssüf ki, Azərbaycan süni intellektin qlobal iqtisadiyyata gətirəcəyi 15 trilyon dollardan çox gəlirdən nəyinki bir faiz, hətta 0.1 faiz (15 milyard dollar) gəlir əldə etməyəcək. Belə bir vəziyyətdə, üstəlik də süni intellektin zərərli olması haqqında təbliğatın getdiyi bir zamanda nikbin olmaq mümkündürmü? Azacıq ağlı olan bilir ki, toplumların gələcəyi böyük ölçüdə süni intellektdə kimin öndə olmasından asılı olacaq.
Yeganə ümidim gənclərin Qərbə gedərək öz qabliyyətlərini reallaşdıraraq milyardlarla dollar sərmayə əldə etməsinə, bir gün vətənlərinə dönüb böyük işlər görmələrinə bağlıdır. Ona görə istedadlı gənclərin Qərbə getməsi yeganə çıxış yoludur.
Xəqanı Cəfərli