Azərbaycanlı məhbus xəstəxanaya köçürüldü
Tehranın Evin həbsxanasında saxlanılan və bir neçə xəstəlikdən əziyyət çəkən güneyli işçi hərəkatı fəalı Rza Şəhabin vəziyyəti ağırlaşdığına görə xəstəxanaya köçürülüb.
Bu barədə Tehran və Şəhərətrafı Avtobus İşçiləri Birliyi məlumat yayıb.
Polis nəzarətində Tehranın “İmam Xomeyni” xəstəxanasına köçürülən Rza Şəhabinin bel diski xəstəliyinin şiddətləndiyi üçün həkim nəzarətində müalicə olunması tövsiyə olunub.
Məlumatda azərbaycanlı fəalın bundan işgəncə edildiyi zaman aldığı ağır xəsarətlərə görə, yarım iflic vəziyyətə düşdüyü bildirilib.
Həkimlər Şəhabinin xəstəxana şərayitində müalicə və əməliyyat olunması barədə arayış təqdim ediblər.
İran məhkəmə sistemi isə Şəhabinin xəstəliyi ilə bağlı sənədlərin Tibbi Ekspertizaya göndərildiyini, araşdırmalardan sonra onun xəstəxanada qalıb-qalmaması ilə bağlı qərar veriləcəyini bildirib.
Qeyd edək ki, 2022-ci il mayın 12-də həbs edilən fəal əslən Şərqi Azərbaycan əyalətinin Şəbistər şəhərindəndir.
O, “hökumətə qarşı təbliğat” və “ökənin milli təhlükəsizliyinə xələl gətirmək üçün toplaşmaq və əlbir olmaq”da ittiham edilərək, 6 il azadlıqdan məhrum edilib.
Rza Şəhabi bundan öncə dinc fəaliyyətlərinə görə 6 il məhkumluq həyatı yaşayıb. Həbs edildiyi zaman məmurlar tərəfindən döyüldüyünə görə fəqərə sütunu və boyun nahiyəsindən ağır xəsarət alıb.
GünazTV