Müsavat Qoşqar Nuralının azad olunmasını tələb edir – Divanın gündəliyi
İyunun 24-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. İclasda əvvəlcə qərarların icrası və görülən işlər barədə məlumat dinlənilib.
Azərbaycan Milli Azadlıq hərəkatının lideri, mərhum prezident Əbülfəz Elçibəyin anadan olmasının 86-cı ildönümü ilə bağlı, onun məzarının Müsavat Partiyası rəhbərliyi və bir qrup üzvü tərəfindən ziyarət edilməsi dəyərləndirilib.
Daha sonra Müsavatın nümayəndə heyətinin Gürcüstana səfəri haqda məlumat dinlənilib. Səfər çərçivəsində Müsavat Partiyasının başqan müavini Mustafa Hacıbəyli Gürcüstanın ictimai-siyasi xadimləri ilə bir sıra önəmli görüşlər keçirib. Müsavatçı xanımlar Fridrix Nauman Fondunun Qafqaz bürosunun təşkil etdiyi seminarda iştirak ediblər. Müsavatçı xanımlar həmçinin qadın hüquqları mövzusunda beynəlxalq konfransda iştirak ediblər.
Numayəndə heyəti həm də Tbilisidəki Azərbaycan Xiyabanını ziyarət edib, Fətəli xan Xoyskinin, Həsən bəy Ağayevin, Mirzə Fətəli Axundovun və Azərbaycanın digər görkəmli şəxsiyyətlərinin məzarları önündə himn oxuyublar.
Divan üzvləri səfərin nəticələrini müsbət qiymətləndiriblər.
Divan ölkədə keçirilməsi gözlənilən növbədənkənar parlament seçkiləri ilə bağlı partiyanın mövqeyini əks etdirən bəyanat layihəsini müzakirə edib.
Divan növbədənkənar seçkilərin elan edilməsi ərəfəsində siyasi məzmunlu həbslərin davam etməsinin təsadüfi olmadığını qeyd edib.
Müsavatın Məclis üzvü, Biləsuvar rayon təşkilatının sədr müavini Qoşqar Nuralının inzibati həbsinin, onun siyasi fəaliyyəti və yazıları ilə bağlı olduğu bildirilib. Divan Qoşqar Nuralının və digər siyasi məhbusların dərhal azad olunmasını, Azərbaycanda repressiyalara son qoyulmasını bir daha tələb edir.
Sonda cari məsələlər müzakirə olunub.