Seçki təqvimi açıqlandi

Azərbaycan Respublikasının bütün seçki dairələrində müşahidə aparılması üçün ərizələrin Mərkəzi Seçki Komissiyasına təqdim olunması Sərəncamın rəsmi dərc edildiyi gündən başlayaraq seçkilərin keçirilməsinə 10 gün qalanadək, yəni, avqustun 22-nə qədər davam edir.

Modern.az xəbər verir ki, bu sözləri Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Arifə Muxtarova MSK-nın iyunun 29-də keçirilən iclasında söyləyib.

 

O bildirib ki, seçki dairəsi ərazisində müşahidə aparmaq üçün müvafiq seçki dairələrinə təqdim edilməsi isə Sərəncamın rəsmi dərc edildiyi gündən başlayaraq seçkilərin keçirilməsinə 5 gün qalanadək, yəni, avqustun 27-nə qədər davam edəcək.

 

“Seçki prosesi boyunca maarifləndirmə tədbirləri isə mütəmadi şəkildə həyata keçiriləcək. Namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin müvafiq dairə seçki komissiyalarına təqdim edilməsi səsvermə gününə ən çox 50, ən azı isə 30 günə qalmışa qədər 18:00-dək davam edəcək. Yəni, bu proses iyulun 13-dən başlayacaq və avqustun 2-si 18:00-da yekunlaşacaq”, – deyə A.Muxtarova vurğulayıb.

***

Sabah Mərkəzi Seçki Komissiyasının (MSK) növbədənkənar parlament seçkiləri ilə əlaqədar iclası keçiriləcək.

Modern.az xəbər verir ki, iclasda “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı” qəbul ediləcək, MSK-nın nəzdində ekspert qrupu və işçi qrupu yaradılacaq.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin iyunun 20-də keçirilən iclasında Milli Məclisdə təmsil edən deputatlara altıncı çağırış Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Azərbaycan Prezidentinə müraciət olunması üçün təşəbbüs göstərmələrinin tövsiyə edilməsi barədə yekdil qərar qəbul olunub.

Parlamentin iyunun 21-də keçirilən plenar iclasında isə Milli Məclis növbədənkənar seçkilərin təyin edilməsi üçün Prezidentə müraciət edib. Müraciətin lehinə 105, əleyhinə isə 1 nəfər səs verib.

Konstitusiya Məhkəməsi Plenumunun iyunun 27-də keçirdiyi iclasında Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsinin Konstitusiyaya uyğun olması barədə qərar qəbul edilib.

İyunun 28-də Milli Məclisin növbədənkənar sessiyasının sonuncu plenar iclası keçirilib. Sessiya bağlı elan edildikdən sonra VI çağırış Milli Məclis işini yekunlaşdırıb.

İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.