Arif Hacılı Pezeşkianın seçilməsindən yazdı
İranda keçirilən prezident seçkilərində Məsud Pezeşkian qalib gəlib.
Bu seçkilərdə Pezeşkianın qələbəsi, xüsusilə bu qələbənin tanınması çoxları üçün gözlənilməz hadisədir.
Əslində ötən seçkilərdə namizəd olaraq seçkilərə buraxılmayan Pezeşkianın bu dəfə 6 namizəddən biri kimi seçkilərdə iştirakına icazə verilməsi əhalinin daha çox hissəsinin seçkilərə qatılması naminə edilmişdi.
Pezeşkian həm islahatçı qanadın yeganə nümayəndəsi, həm də yeganə Azərbaycan türkü olaraq birgə seçki kampaniyası aparan digər 5 namizəddən fərqlənirdi.
Bəlkə ilk dəfə prezidentliyə namizəd seçki kampaniyasını islahatçı şüarlarla yanaşı, həm də aşkar azərbaycançı, türkçü şüarlarla aparırdı.
Bu seçki taktikası Azərbaycan əsilli Məsud Pezeşkiana uğur gətirdi.
Seçkilərin ikinci turu ərəfəsində Pezeşkianın qalib gələcəyindən ehtiyatlanan ali dini rəhbərin ona qarşı açıq mövqe bildirməsinə baxmayaraq Pezeşkian rəqibindən fərqli üstün səs toplayaraq qalib gəldi.
…Pezeşkianın seçkidən sonrakı mövqeyinin necə olacağı hələlik məlum deyil.
İran kimi mürəkkəb bir ölkədə bu seçkilərin nəticələri kimi başqa gözlənilməz gedişatlar da ola bilər.
Amma bu seçkilərin hələlik məlum olan nəticələri İranda Azərbaycan amilinin mühüm yüksəlişi olmaqla yanaşı, mühafizəkar tərəfin mövqelərinə ciddi zərbədir.
Ümid edək ki, 5 iyul seçkiləri bu ölkədə intizarla gözlədiyimiz böyük dəyişikliklərin başlanğıc nöqtəsi olacaq.
Yazı Müsavat başqanı Arif Hacılının feysbuk səhifəsindən götürülüb.