Müsavat Divanı: Kəşfiyyat rəhbərləri konkret səbəblər və mühüm məsələlərlə bağlı gəlirlər

Bu gün (16 sentyabr) Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. İclasda Qərarların icrası, görülən işlər barədə məlumat verilib.

 

Müsavat Partiyasının “Qafqazinfo” xəbər portalının böhtanlarına qarşı iddiası üzrə məhkəmə prosesinin başladığı, sentyabrın 20-si saat 14:45 -də Xalidə Əlisoyun sədrliyi ilə məhkəmə iclasının davam etdiriləcəyi bildirilib.

 

İclasda növbədənkənar seçkilərdə iştirakdan sonrakı dövr müzakirə olunub, seçki pozuntuları, səslərin saxtalasdırılması ilə bağlı şikayətlərin məhkəmə instansiyalarına təqdim olunduğü barədə məlumat verilib. Bəzi namizədlərin aidiyyəti qurumlara ünvanladığı şikayət məktublarının qəsdlə poçt məntəqələrində yubadıldığı deyilib.

 

Divanda Vətən müharibəsi şəhidlərinə aid “Vikipediya”da yaradılan məqalələrin silinməsi ilə bağlı yaranmış vəziyyət müzakirə olunub. Divan şəhidlər, şəhid ailələri, qazilər və bütövlükdə müharibə veteranları mövzusunun xalqımız üçün çox həssas məsələ olduğu üçün diskussiya iştirakçılarının daha təmkinli davranması zərurətini xatırladıb.

 

Wikipediyanın Azərbaycan seqmentində könüllülük prinsipi əsasında fəaliyyət göstərən gənclərin məqalələrin yaradılmasında xüsusi əməyi olduğunu, onlar hətta yanlışa yol versələr belə, hazırkı məqamda yaranmış vəziyyəti bəhanə edərək gəncləri fəallıqdan, təşəbbüskarlıqdan çəkindirməyin düzgün olmadığı bildirilib. 

Əslində bu məlumatların toplanması və qorunmasına görə dövlət strukturları məsuliyyət daşımalıdır.

 

Böyük Britaniyanın (Mİ6) kəşfiyyat xidmətinin rəhbəri Riçard Murun sentyabrın 14-də Bakıya gəlməsi Divanda fikir mübadiləsinə səbəb olub. Bildirilib ki, belə səfərlər təsadüfi olmur, kəşfiyyat rəhbərləri konkret səbəblər və mühüm məsələlərlə bağlı gəlirlər. Mövzu diqqətdə saxlanılmalıdır.

 

Sonda cari məsələlər müzakirə olunub.

 

Basta2