Bakının rus-erməni işğalından azad edilməsindən 106 il otür

Sentyabrın 15-də Bakının rus-erməni hərbi birliklərindən azad edilməsinin 106-cü ildönümü tamam olur.

1918-ci il sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) milli ordusu Bakını azad edib.

Bundan sonra 1918-ci il mayın 28-də elan edilən Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Gəncədən Bakıya köçüb.

Bakının azadlığı uğrunda döyüşlərdə minə yaxın türk əsgər və zabiti, beş min Azərbaycan vətəndaşı həlak olub.

Bakıda hakimiyyət AXC hökumətinin əlinə keçsə də, Qarabağ bir müddət ermənilərin nəzarətində qalıb. Qafqaz İslam Ordusunun bir hissəsi regiona göndərilib, Nuru Paşa isə yerlərdə hissələrə rəhbərlik etmək üçün Ağdama gedib. Tezliklə onun rəhbərlik etdiyi ordu Şuşaya daxil olub və Azərbaycan bayrağını şəhərin üzərində qaldırıb.

Bakının azad edilməsi ilə əlaqədar olaraq Türkiyənin hərbi naziri Ənvər Paşanın Xəlil Paşa və Nuru Paşaya göndərdiyi teleqramda deyilir: “Böyük Turan imperatorluğunun Xəzər kənarındakı zəngin bir qonaq yeri olan Bakı şəhərinin zəbti xəbərini böyük bir sevinc və məmnunluqla qarşıladım. Türk və islam tarixi sizin bu xidmətinizi unutmayacaq. Qazilərimizin gözündən öpür, şəhidlərimizə fatihələr ithaf edirəm”.

Hər il sentyabrın 15-də Azərbaycan ictimaiyyəti, ictimai-siyasi təşkilatlar, Türkiyənin Bakıdakı səfirliyi Şəhidlər Xiyabanını və Türk şəhidliyini ziyarət edir.

 

Basta