Gürcüstan Miqrasiya Xidməti Əfqan Sadıqova sığınacaq verməkdən imtina edib
Sentyabrın 16-da Gürcüstan Miqrasiya Xidməti Azərbaycan vətəndaşı, “Azel” TV saytının təsisçisi Əfqan Sadıqova sığınacaq verməkdən imtina edib. Bu barədə Turan agentliyinə onun xanımı Sevinc Sadıqova bildirib.
“Əfqan istintaq təcridxanasından mənə zəng elədi və dedi ki, Miqrasiya Xidmətinin cavabını ona təqdim ediblər. Cavabda ona siyasi sığınacaq verilməsindən imtina edildiyi bildirilir”, – o deyib.
“Gürcüstan tərəfi imtinanı “onun işində siyasi motivlərin olmaması” ilə izah edib”, – Sevinc Sadıqova sözlərinə davam edib.
Sadıqovun vəkili Dito Nozadzedən şərh almaq mümkün olmayıb.
Əfqan Sadıqovu Azərbaycana deportasiya olunma təhlükəsi gözləyir. Müvafiq sorğu iyul ayında Azərbaycan Baş Prokurorluğundan daxil olub. Bildirilib ki, mayın 10-da Sadıqova qarşı təhdid yoluyla tələb etmə ittihamı ilə cinayət işi açılıb. Məhkəmənin qərarı ilə barəsində axtarış elan olunub.
Xatırladaq ki, Əfqan Sadıqov təqib olunmaqdan ehtiyat edərək 2023-cü ilin dekabrında ailəsi ilə birlikdə Gürcüstana gedib. İyulun ortalarında onu Gürcüstandan Türkiyəyə buraxmayıblar və bildiriblər ki, ancaq Azərbaycana gedə bilər.