Dəməşqdə önəmli görüş
Bazar günü Dəməşqdə Türkiyənin xarici işlər naziri Hakan Fidan və Suriyanın faktiki hökumət başçısı Əhməd əş-Şara arasında görüş keçirilib.
Onların görüşü Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Fidanın Suriyada yeni strukturu müzakirə etmək üçün Dəməşqə gedəcəyini söyləməsindən iki gün sonra baş tutub.
Əl-Şara ilə keçirdiyi mətbuat konfransında danışan Fidan Türkiyə “sizi dəstəkləməyə davam edəcək… Ümid edirəm ki, Suriyanın ən qaranlıq günləri arxada qaldı və bizi daha yaxşı günlər gözləyir” deyə, açıqlama verib.
Fidan deyib ki, Dəməşqə qarşı sanksiyalar “mümkün qədər tez” ləğv edilməli və beynəlxalq ictimaiyyət “Suriyanın ayağa qalxmasına və köçkünlərin geri qayıtmasına kömək etmək üçün səfərbər olmalıdır”.
Müsavat Məclisinin sədri Arif Hacılı bu görüşü Türkiyənin maraqlarına uyğun olan pozitiv addım kimi dəyərləndirib.
“Suriyada son proseslərin həm ədalətin bərpası, həm təhlükəsizliyimizi təhdid edən güclərin regionda təsir imkanlarının azalması, həm də Türkiyənin maraqlarına uyğun istiqamətdə getməsi dünya düzəninin yaxşılaşacağına, bu pozitiv dəyişikliklərin Azərbaycandan da yan keçməyəcəyinə ümidləri artırır” – deyə, Arif Hacılı özünün feysbuk hesabında yazıb.