Ərdoğan Rusiyanı ABŞ-ın atəşkəs təklifinə “konstruktiv cavab verməyə” çağırdı
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna və ABŞ-ın razılaşdığı 30 günlük atəşkəs təklifini dəstəkləyib və Rusiyanı buna razılıq verməyə çağırıb.
“Ukrainska pravda” xəbər verir ki, Ərdoğan bunu martın 12-də Ankarada Polşanın baş naziri Donald Tusk ilə görüşündən sonra deyib.
Türkiyə prezidenti ABŞ-la Səudiyyə Ərəbistanında danışıqlar zamanı Ukraynanın atəşkəsə razılıq verməsini “müsbət və vacib” adlandırıb.
“İndi ümid edirik ki, Rusiya bu addıma konstruktiv cavab verəcək”, – o əlavə edib.
Ərdoğan Ankaranın “ədalətli və davamlı sülhün bərqərar olmasına hər cür töhfə vermək” üçün Kiyev və Moskva arasında potensial danışıqları asanlaşdırmağa hazır olduğunu təsdiqləyib.
Xatırladaq ki, martın 11-də Səudiyyə Ərəbistanında keçirilən görüşdən sonra Ukrayna Rusiyanın da eyni addımı atacağı təqdirdə 30 günlük atəşkəsə razılaşıb.