Nətanyahunun Bakıya səfəri niyə təxirə salındı – Təhlil

Azər Əsgər

İsrailin baş naziri Benyamin  Netanyahu Azərbaycan səfərini təxirə saldı, bəlkə də ümumiyyətlə ləğv etdi, bunu qarşıdakı dönəmdə görəcəyik.

Səfərin təxirə salınmasını İsrail hökuməti  onunla əlaqələndirib ki, Qəzza zolağında və Suriyada vəziyyət guya gərginləşib. Hərçənd,  l Netanyahunun Azərbaycan səfəri elan olunandan sonra nə Qəzza zolağında, nə də Suriyada ciddi dəyişikliklər baş verməyib. Qəzza zolağında status-kvo saxlanılır, yəni Qəzza zolağı İsrailin hava hücumları sayəsində xarabaya çevrilib və Netanyahu Trampla birlikdə qəzzalıları zolaqdan necə qovmağın yollarını aramaqla, Misirə, İordaniyaya bu məqsədlə təzyiq etməklə məşğuldurlar.

Suriyada da dəyişiklik yoxdur. Bakı səfəri təyin edilərkən Suriyada ələvilərin üsyanı var idi, son günlərdə isə, druzların üsyanı qalxmışdı, amma, əş-Şara hökuməti hər iki üsyanı yoluna qoya bildi.

Əksinə, Netanyahunun işləri indi daha yaxşı gedi, çünki, İsrail qırıcıları artıq Suriya prezidenti administrasiyasının ətrafını vururlar. Deməli, Netanyahunun gərginliklə bağlı dediyi səbəb əsaslı görünmür.

Netanyahunun 7-11 may tarixində Bakıda uzun müddətli bir səfərfə olacağı, ciddi görüşlər keçirəcəyi təxminən bir həftə əvvəldən anons edilmişdi. Hətta, o da bildirilmişdi ki, qardaş Türkiyə Netanyahunun təyyarəsinin Türkiyə səmasından keçməsinə də icazə verib.

Türkiyə XİN yalnız bu gün bu məlumatı təkzib etdi və hətta deyildi ki, Türkiyəyə bu barədə heç bir müraciət daxil olmayıb. Ardınca isə Netanyahunun təxir qərarı gəldi. Bəs onda Netanyahunun təyyarəsinə Türkiyə səmasında icazə verilməsi xəbəri necə ortaya çıxmışdı və 2-ci maraqlı sual: Türkiyənin təkzibi niyə belə gec ortaya çıxdı?..

Əvvəla, qeyd edək ki, Netanyahunun Bakıda olacağı müddətdə, mayın 10-da Türkiyə Prezidenti Rəcəb Tayyib  Ərdoğanın da Bakıya gələcəyi anons edilmişdi. Bu çox maraqlı bir xəbər idi. Çünki, 2010-cu ildə “Mavi Marmara” olayından sonra Türkiyə və İsrail münasibətləri çətin illər yaşayırdı, arada Azərbaycanın dövlət başçısı İlham Əliyevin vasitəçiliyi ilə barışıq ruzgarları da əssə də, münasibətlərdə kifayət qədər soyuqluq qalırdı. Məsələn, KOP-29 günlərində Türkiyə İsrail prezidentinin təyyarəsinə Bakıya gəlmək üçün öz səmasından keçid vermədi, amma, bu yaxınlarda hər iki ölkənin xüsusi xidmətləri Bakıda məxfi görüş keçirə bilmişdilər. Göründüyü kimi, iki ölkə münasibətləri enən-qalxan şkala üzrə hərəkətdə idi, sabit deyildi. 07 oktyabr 2023 hadisəsi və Qəzzaya növbəti hücumdan sonra  Türkiyənin İsraillə münasibətləri daha da kəskinləşmişdi.

Səfər niyə təxirə salındı?

İlk ağıla gələn ehtimal İranın etiraz etməsi ola bilər. İran prezidenti Məsud Pezeşkianın səfərindən dərhal sonra Netanyahunun Bakı səfərinə İran nəzakətli bir jestlə etiraz edə bilərdi. İlham Əliyev də İranla münasibətlərin yenicə pozitiv tendensiya aldığı bir şəraitdə Netanyahudan səfəri təxirə salmağı xahiş edə bilərdi.

Başqa ehtimal, Türkiyə rəhbərliyinin etirazı ola bilərdi ki, səbəbləri xeyli dərəcədə aydındır. İki ölkənin nümayəndələrinin yaxınlarda Bakıda məxfi görüş keçirməsindən sonra iki ölkə liderinin paytaxtımızda eyni vaxtda səfərdə olmaları sanki təəccüb yaratmırdı, narahatçılıq olsaydı, Netanyahu daha əvvəldən səfərini təxirə salardı.

Məncə, son günlər İsrail qırıcılarının Dəməşqi sürəkli olaraq vurması Türkiyəni haqlı olaraq narahat edib. Nəzərə alaq ki, Macarıstandan Vaşinqtona çağrılan Netanyahuya Tramp ” Bibi, sən də Suriyada məntiqli olmalısan” demişdi. Görünür ki, Bibi Suriya məsələsində Trampdan fərqli düşünür, “Davud koridoru”ilə məşğuldur, bu isə Türkiyəni haqlı olaraq narahat edir. Çünki, yeni Suriya quruculuğunda Tramp Ərdoğan ilə hələlik razılaşmış kimi görünür, o, bunu 07 apreldə Netanyahu  ilə görüşərkən də publik şəkildə bildirdi. Türkiyə isə yeni Suriya quruculuğunda israrlı görünür.

Qayıdaq mətləbə. Netanyahunun Azərbaycan səfərinin qəfildən təxirə salınmasının səbəbini məncə, son günlərdə baş verənlərdə axtarmaq lazımdır. Amma, bu səbəb Tehranlamı bağlıdır, yoxda Ankara ilə, bəlkə hətta Moskva ilə?.. Zəif də olsa, bu ehtimal da var.