Sovet tarixinin rüsvaycı səhifəsi 15 fotoşəkildə

86 il əvvəl SSRİ və Nasist Almaniyası Polşanın işğal etdikdən sonra Brestdə hərbi parad keçirdi. Bu gün Rusiya bunu “azadlıq yürüşü” adlandırır. Əslində nə baş vermişdi? Sualın cavabı 15 fotoşəkildə.

1939-cu il sentyabrın 22-də, İkinci Dünya Müharibəsinin başlanğıcında sovet və alman qoşunları Polşanın işğal olunmuş ərazisində yerləşən Brest şəhərində birgə hərbi parad keçirdilər. Polşanın bölünməsi məsələsi əslində 1939-cu ilin avqustunda SSRİ və Almaniya arasında imzalanmış Molotov-Ribbentrop paktı ilə həll olunmuşdu. Alman ordusu 1 sentyabrda Polşaya hücum etdi, sovet ordusu isə 17 sentyabrda hücuma başladı.

Sovet tarixşünaslığında bu hücum “Ukrayna və Belarusun qardaş xalqlarının birləşməsi” kimi təqdim olunurdu. Bu gün Rusiya rəhbərliyi də oxşar ritorikadan istifadə edir. Məsələn, 17 sentyabrda, hücumun ildönümündə, Rusiya Xarici İşlər Nazirliyi bu aqressiyanı “azadlıq yürüşü” adlandırıb və İkinci Dünya Müharibəsinin başlanğıcında Almaniya və SSRİ-nin əməkdaşlığını dilə gətirməyib. 

“Babel” nəşri 15 arxiv fotoşəkili ilə Sovet İttifaqı və Almaniyanın Polşanı necə işğal etdiyini, ən məşhur birgə hərbi paradlarını necə keçirdiklərini və NKVD-nin Katındə on minlərlə əsir polşalını necə güllələdiyini xatırladır.

Şəkildə 1939-cu il sentyabrın 22-də Brestdə keçirilmiş Sovet-Alman birgə hərbi paradı zamanı nasist Almaniyasının hərbi orkestri və sovet əsgərlərinin düzülüşü təsvir olunur. Bu parad, SSRİ və Almaniyanın Polşanı bölməsindən sonra baş tutmuşdu və onların əməkdaşlığının simvolik nümayişi idi.

***

1939-cu il sentyabrın 1-də alman qoşunları Polşanı işğal etdilər. Hücuma bəhanə yaratmaq üçün SS bölmələri 1939-cu il avqustun 31-də sərhəddə yerləşən Qleyvitz şəhərindəki alman radiostansiyasına Polşa hücumu təşkil etdilər. Şəkildə: Alman əsgərləri Qdansk körfəzi yaxınlığındakı Sopotda Polşa sərhəd şlaqbaumunu  dağıdır, 1 sentyabr 1939-cu il.

***

Alman ordusu əsgər sayına və xüsusilə hərbi texnikaya görə Polşa ordusundan üstün idi. Şəkildə: Polşaya hücum zamanı motorlu piyadaların müşayiəti ilə Alman tankları, 1 sentyabr 1939-cu il.

***

Şəkildə: Polşa süvariləri alman qoşunlarına doğru irəliləyir, 1 sentyabr 1939-cu il.

***

Şiddətli döyüşlərə baxmayaraq, Polşa ordusu ağır itkilərlə Varşavaya çəkilməyə məcbur oldu. Şəkildə: Danziq yaxınlığındakı Westerplatte dəniz bazasının təslim edilməsindən sonra əsir düşmüş Polşa əsgərləri, 7 sentyabr 1939-cu il.

***

1939-cu il sentyabrın 17-də səhər saat 6-da 600.000-ə yaxın sovet qoşunu şərqdən Polşaya soxuldu, Polşa ordusunun əksəriyyəti isə almanların qərbdən irəliləməsini dayandırmağa çalışdı. Şəkildə: Sovet əsgərlərinin Polşa sərhədini keçməsi, 17 sentyabr 1939-cu il.

***

Şəkildə: İşğal günü, 17 sentyabr 1939-cu il Polşa sərhədi yaxınlığında CCRİ-nin mobil zirehli texnika karvanı.

***

Polşa ordusu iki cəbhədə döyüşə bilmədi, buna görə də sovet qoşunları o vaxtkı Polşanın şərq ərazilərini bir neçə gün ərzində işğal etdilər. Şəkildə: Polşanın işğalından sonra alman və sovet avanqard zabitlərinin ilk görüşü, 19 sentyabr 1939-cu il.

***

1939-cu il sentyabrın 14-dən 17-dək alman qoşunları o vaxt Polşanın tərkibində olan Brest şəhərini işğal etdilər. Sentyabrın 20-də general Semyon Krivoşeynin tank briqadasının sovet bölmələri şəhərə yaxınlaşdı və Brestin Molotov-Ribbentrop paktına uyğun olaraq SSRİ-nin “təsir dairəsi”nin bir hissəsi olduğu üçün sovet qoşunlarının nəzarəti altına keçməsi ilə bağlı danışıqlar başladı. Şəkildə: Sovet siyasi xadimi, batalyon komissarı Filipp Borovenski (mərkəzdə dəri paltoda) Brestdə alman zabitləri ilə danışıqlar zamanı, 20 sentyabr 1939-cu il.

***

1939-cu il sentyabrın 22-də danışıqlar həll olundu. Bu gün Brestdə Sovet və Alman qoşunlarının birgə paradı keçirilib. Fotoda: birinci sırada podiumda alman generalı Heinz Quderian (solda) və Semyon Krivoshein Brestdə keçirilən paradda iştirak edirlər, 22 sentyabr 1939-cu il.

***

 

Sovet tanklarının karvanı 22 sentyabr 1939-cu ildə Brestdə parad zamanı bir qrup alman motosikletçinin yanından keçir. Ön planda Qırmızı Ordunun T-26 komandir tankı, 1933-cü il modelidir.

***

Alman və Sovet komandanlığı SSRİ rəhbəri İosif Stalinin portreti altında Brestdə birgə paradın təfərrüatlarını müzakirə edir, 22 sentyabr 1939-cu il.

***

General Quderian (ortada) və briqada komandiri Krivoşein (sağda) bir-birini mükəmməl başa düşülrər və tərcüməçi olmadan söhbət etdilər. Hər ikisi fransız dilini yaxşı bilirdi. Brestdə parad zamanı çəkilmiş foto, 22 sentyabr 1939-cu il.

***

Oxşar birgə paradlar digər şəhərlərdə də keçirilib. Amma Brestdəki hadisəni alman təbliğatçıları ətraflı lentə alıblar. Almaniya İngiltərə və Fransaya SSRİ-nin onun müttəfiqi olduğunu belə göstərmək istəyirdi. İttifaqın özündə parad reklam olunmurdu və onu “təntənəli marş” və ya “təntənəli yürüş” adlandırırdılar. Şəkildə: Sovet və Alman əsgərləri Brestdə birgə parad zamanı, 22 sentyabr 1939-cu il.

***

1940-cı ildə NKVD 20 mindən çox Polşa vətəndaşını və hərbi əsirləri edam etdi. Kütləvi edam yerlərindən biri Smolensk vilayətindəki Katın meşəsidir. Sovet rəhbərliyi 1990-cı ilə qədər bu hərbi cinayətdə iştirakını inkar edirdi. Şəkildə: 1943-cü ildə Smolensk vilayətini işğal etdikdən sonra almanlar tərəfindən aşkar edilən Katın meşəsində kütləvi məzarlıq.

Sovet tarixinin belə qara ləkələri həddindən artıq çoxdur. 1920-ci il aprelin 27-də və ondan sonra dönəmdə 11-ci Qızıl ordu Azərbaycanda da 48 mindən artıq soydaşımızı qətlə yetirib. Təssüf ki, həmin dövrdə törədilən cinayətlərin fotoları qalmayıb. 

Basta