Arif Hacılı: “İlham Əliyevin Moskvadakı parada qatılmaması üçün çoxlu səbəblər var”
İlham Əliyevin Moskvada keçiriləcək hərbi paradda iştirak etməməsi üçün çoxlu səbəblər var.
Əvvəla faşizm üzərində qələbənin yalnız Rusiyaya aid edilməsi böyük tarixi ədalətsizlikdir.
Ona görə ki, II Dünya Müharibəsinin ilk iki ilində bolşevik Rusiyası ilə faşist Almaniyası müttəfiq idi.
Şərqi Avropanı öz aralarında Polşanın ortasından keçən xətt üzrə bölüşdürmüşdülər. Üstəlik Finlandiya da Moskvaya hədiyyə edilmişdi.
Sadəcə iki həftəyə Helsinkidə pivə içəcəklərini vəd edən bolşevik liderlərinin arzuları daşa dəyəndə Hitler ürəkləndi. Avroasiya məkanına şəriksiz sahib olmaq iddiasına düşdü.
İkincisi, sovet ordusunun əksəriyyəti ruslardan ibarət deyildi.
Orduda ukraynalıların, azərbaycanlıların, qazaxların, özbəklərin və digər sovet xalqlarının ümümi sayı da, itkiləri də ruslardan az deyildi.
Bu müharibədə yeddi yüz minə yaxın azərbaycanlı iştirak edib. Üç yüz mindən çox azərbaycanlı həlak olub və ya itkin düşüb.
1941- ci ldə SSRİ neftinin 75 faizi Bakıda çıxarılırdı.
Bakıda həmin il 23, 5 milyon ton neft istehsal olunmuşdu ki, məhz bu neftin hesabına cəbhə xəttindəki hərbi texnika hərəkət edirdi.
Heç şübhəsiz ki, Bakı nefti olmasa sovet imperiyası üçün müharibə hələ 1941-ci ildə Hitlerin planlaşdırdığı kimi yekunlaşacaqdı…
Bu müharibə Rusiya ərazisinin bir qismini, Ukraynanın bütün əraisini əhatə etmişdi, əhali sayının nisbətinə görə ən çox itki verən Belorus xalqı idi.
Nədən qələbə paradı hətta sovet döründə məsələn, bir il Kiyevdə, bir il Minskdə, bir il Bakıda keçirilməməli idi?!
…Rəsmən etiraf edilir ki, Jukov daxil olmaqla rus generallarının təkəbbürlü, amansız, yanlış qərarları nəticəsində müharibədə həlak olanların sayı milyonlarla artıq olmuşdu.
Müharibədən dərhal sonra, bu dəhşətli faktların yaddaşlarda hələ yeni olduğu dövrlərdə (1946-1965) hətta Stalin qələbə paradları keçirməyə utandığından bu paradları ləğv etmişdi.
Bir daha təkrar edirəm.
İkinci Dünya Müharibəsində qələbənin yalnız Rusiyaya aid edilməsi böyük tarixi ədalətsizlik, keçmiş sovet respublikaları rəhbərlərinin Moskvada təşkil olunan hərbi paradda iştirakı isə yersiz və məntiqsizdir.
Yazı Müsavat Məclisinin sədri Arif Hacılının feysbuk səhifəsindən götürülüb.