Nurlan Libre oğluna həbsxanadan məktub yazdı
Övladım Uğura açıq məktub
Əziz balam, necəsən? Yəqin indi yanında olmadığım üçün məni qınayırsan. Əsəbiləşirsən ki, səni niyə tək qoymuşam. Bilirəm bu sənə təskinlik verməz, amma bilməyini istərdim ki, gözü yolda qalan tək övlad sən deyilsən. Bu ölkədə minlərlə inanclı şəxs, yüzlərlə ictimai fəal, müxalifətçi övladlarından ayrı, qara zindanda çürüyüblər. Bəs mən olmasaydım, mənim kimi jurnalistlər olmasaydı onların haqq səsini kim çatdıracaqdı?
Səni bir gün Ağəli əmi ilə tanış edəcəm. Nurani kişidir. İnandığı Allah ona haqsızlığa boyun əyməməyi buyurub deyə övladları 10 ildən çoxdur ki, ata həsrəti çəkir. İndi də həbsdədir. Nə zaman çıxacağı isə müəmmalıdır.
Ağaəlinin övladlarının gözünə baxıb necə deyə bilərəm ki, mən bir də gördüyüm haqsızlıqlardan, atanızın başına gətirilən müsibətlərdən yazmayacam, çünki mən övladımın atasız böyüməsindən qorxuram.
Mənim balam, bəşəriyyət tarixi tiranlar və onlara qarşı mübarizə aparan insanlarla doludur. Mən də o insanlardan biriyəm.
Tutduğum yolun məni hara aparacağını bilmirəm. Elə həyatı da maraqlı edən məhz bu bilinməzliklərdir…
Özünə yaxşı bax və bil ki, harada, necə olmağından asılı olmayaraq atan səni çox sevir… Hələlik…