Boraltan yalanı

“Boraltan faciəsi” deyilən yalan hardan qaynaqlanır? Türkiyənin arxiv sənədləri nə deyir?

Son illərdə Türkiyədə və Azərbaycanda “Boraltan faciəsi” adı ilə insanları sarsıdan və siyasi məqsədlərlə xüsusilə Türkiyədə rəqiblərə qarşı istifadə edilən bir iddia var. Bu iddiaya görə, guya 1945-cı ildə Türkiyə hökuməti Türkiyəyə sığınan 146 azərbaycanlı mühacir ziyalını Sovetlərə təhvil verib və onlar da dərhal sərhəddə hərbçilərin gözü önündə güllələniblər və bundan təsirlənən Reşad adlı bir türk zabit təhvil-təslimi həyata keçirdikdən sonra özünü güllələyib. Bu iddia xüsusilə Rəcəb Tayyib Ərdoğanın çıxışlarında tez-tez səsləndirilir.

Lakin hadisə belə olmayıb. Hadisə 1951-ci ildə Türkiyə Böyük Millət Məclisində araşdırılıb, ortaya faktlar, arxiv sənədləri qoyulub və TBMM-nin stenoqramlarında bu hekayənin tam fərqli olduğu da qeydə alınıb.

Bəs hadisə necə baş verib?:

II Dünya Müharibəsi dövründə Türkiyə bitərəf dövlət idi. Müharibə illərində müxtəlif ölkələrin vətəndaşı olan hərbi şəxslər Türkiyəyə sığınmışdılar. Türkiyə beynəlxalq hüquqa uyğun olaraq bu şəxsləri Yozqatda yaradılmış internasiya düşərgəsində saxlayırdı.
(İnternasiya – müharibə və ya fövqəladə vəziyyət dövründə bir dövlətin, təhlükəsizlik və beynəlxalq hüquq səbəbilə, öz ərazisində olan xarici dövlət vətəndaşlarını (xüsusən hərbi şəxsləri) məhkəmə qərarı olmadan, müvəqqəti olaraq nəzarət altında saxlamasıdır).

23 fevral 1945-ci ildə Türkiyə Almaniya və Yaponiyaya müharibə elan etdikdən sonra, müttəfiq dövlətlər sırasında olan SSRİ, Türkiyədən öz vətəndaşı olan hərbi mühacirlərin qaytarılmasını tələb etdi. Ona görə də Türkiyə Xarici İşlər Nazirliyi məsələni Nazirlər Kabinetinə müzakirəyə çıxardı.
Nazirlər Kabinetinin iclasında 1945-ci ilin may ayında Nazirlər Kabinetinin 3/2563 saylı qərarı qəbul edildi.

Bu qərara əsasən:
“Yalnız hərbi xidmətə mənsub olan şəxslər, yalnız mütekabiliyyət (qarşılıqlılıq) şərti ilə təhvil verilə bilər.” Yəni, mülki şəxslər bu qərara daxil deyildi.

Rəsmi sənədlərə görə Türkiyədə 237 sovet hərbi mühaciri vardı. Onlardan 195 nəfəri (müxtəlif millətlərdən olan) 6 avqust 1945-ci ildə Tıhmıs sərhəd qapısından SSRİ-yə rəsmi şəkildə təhvil verildi.

Bu təhvil-təslim zamanı SSRİ Türkiyədən tələb etdiyi qarşılıqlılıq prinsipinə əməl etmədi. SSRİ-yə sığınmış 1 zabit və 2 türk əsgəri geri qaytarmadı. Yalandan onlar haqda məlumat tapa bilmədiklərini bildirdi. Bundan sonra Türkiyə qalan sovet hərbi mühacirlərinin qaytarılmasını tamamilə dayandırdı. Yolda qaçanların geri verilməsindən də imtina edildi.

Bundan sonra 1947-ci ildə Xarici İşlər, Daxili İşlər və Milli Müdafiə nazirliklərinin nümayəndələrindən ibarət komissiya yaradıldı. Hesabat Nazirlər Kabinetində müzakirə olundu və Yozqat düşərgəsi ləğv edildi. Türkiyədə qalmaq istəyənlərdən türk mənşəli olanlar Türkiyə vətəndaşlığına qəbul edildi.

Bəs bu “Boraltan Faciəsi” sözü haradan çıxıb?

1951-ci ildə Türkiyədə hakimiyyətdə olan Demokrat Partiyasının Tekirdağ millət vəkili Şevket Mocan məsələni Türkiyə Böyük Millət Məclisində bu sözlərlə dilə gətirib:

“Müxtəlif tarixlərdə ölkəmizə siyasi mühacirlik hüququna əsaslanaraq sığınmış (156) mühacirin 1947-ci ildə beynəlxalq hüquq qaydalarına tamamilə zidd olaraq Sovet Rusiyasına təhvil verildiyi doğrudurmu?
Faciə qurbanlarının göndərilmə forması, qurban verilən məbədin üsullarına uyğun aparılması və aqibətlərini görmələri səbəbilə, təhvil işində vəzifəli zabit Reşadın əsəbi sarsıntıya uğradığı və hazırda sinir xəstəxanalarında müalicə aldığı doğrudurmu?
1945-ci ildə Almaniyadakı tələbələrimizi gətirən İsveç bayraqlı gəmi ilə (Enver Anar və Adəm) adlı iki maarifçi hərbi türk mühacir gəncin illərdir ölkəmizdə məskunlaşmış ana və bibilərinin yanından ‘Ankaraya göndəririk’ deyilərək komissar müavini Əli Rıza nəzarətində Qarsda eyni məbədə qurban edildikləri doğru mudur?”

Türkiyə Böyük Millət Məclisində millət vəkili Şevket Mocanın iddiası araşdırılıb və Ədalət naziri (Adalet Bakanı) Rüknəddin Nasuhoğlu Türkiyə Xarici İşlər, Daxili İşlər və Milli Müdafiə nazirliklərinin birgə məlumatları əsasında yuxarıda da qeyd etdiyim faktları ortaya qoyaraq iddianın yalan olduğunu sübut ediblər. Hətta özünü güllələdiyi iddia olunan Reşad adlı zabit öz əcəliylə ölüb.

Nəzərinizə çatdırım ki, o vaxt hakimiyyətdə olan Demokrat Partiyası özündən əvvəlki hakimiyyətə (CHP hakimiyyəti) az qala düşmən münasibətdə idi və CHP-yə qarşı 10 il repressiya siyasəti apardı. İndiki AKP-CHP münasibətindən daha kəskin münasibətdə olublar.

Yəni elə bir hadisə olsa bundan o vaxtkı hakimiyyət də istifadə edərdi, yalan olduğunu ortaya qoymazdı.

Təəssüf ki, indiki AKP hakimiyyəti 1951-ci ildə Şevket Mocanın ortaya atdığı iddianı öz rəqibinə qarşı istifadə edərkən, bu haqda yalançı şahid filmləri hazırladı və Azərbaycan xalqını sarsıdan bir yalan iddianı ortaya atdı.

Çox təəssüf, indiki dövr də elədir ki, bəzi insanlar fakta inanmaq əvəzinə, yalanlara, konspirasiya nəzəriyyələrinə inanmağa üstünlük verirlər. Yəqin ki, yazıya da şərhlərdə heç bir fakta, sənədə istinad etmədən münasibət bildirənlər olacaq. Ağlı başında olan adamlar üçün isə bildirirəm ki, yazdıqlarım birə-bir Türkiyə arxivlərində də qeydə alınıb, sənədləri saxlanılır. Gələcəkdə gənc tarixçilər gedib şəxsən araşdırıb, tanış ola bilərlər.

Gültəkin Hacıbəylinin Türkiyə hakimiyyəti tərəfindən Azərbaycana təhvil verilməsini “Boraltan” hadisəsi ilə müqayisə etməyə gəldikdə. Əlbəttə ki, Türkiyə hakimiyyəti belə bir səhvə yol verməməlidir. Türkiyəyə sığınmış, haqqında heç bir əsaslı cinayət faktı olmadan, siyasi kimliyinə görə hansısa siyasətçinin, hələ-hələ bir xanımın Azərbaycana həbsə göndərilməsi tarixdə heç bir halda yaxşı xatırlanmayacaq, illər sonra da indiki Türkiyə hakimiyyətinin sərt şəkildə qınanmasına səbəb olacaq. Necə ki, olmayan “Boraltan” hadisəsi indi yaxşı müzakirələrə səbəb olmur.

Azərbaycan xalqı həmişə hansısa cinayətkarın ölkəyə gətirilməsini alqışlayıb, Gültəkin Hacıbəylinin Türkiyədə saxlanılıb Azərbaycana təhvil verilməsini alqışlamırsa, demək bu işdən əl çəkmək lazımdır. Ümumiyyətlə siyasi mübarizədə xanımların cəzalandırılmasından uzaq durulsa yaxşı olardı.

Fərəc Kərimli